Səbətiniz boşdur.
Səbətiniz boşdur.
Dekabrın 7-də Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə bir qrup ictimai-siyasi şəxs tərəfindən III Respublika Platforması yaradılıb.
Qurucu üzvlər (təsisçilər) arasından Platformanın fəaliyyətinə rəhbərlik edəcək Qurucu Heyət seçilib. 7 nəfərdən ibarət Qurucu Heyətə Akif Qurbanov, Araz Əliyev, Elman Fəttah, Rövşən Ağayev, Ruslan İzzətli, Səməd Rəhimli, Yadigar Sadıqlı daxildir.
Təsisçilərin bəyanatında deyilir: "Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etməsi və ərazi bütövlüyünü bərpa etməsi ölkənin gələcək ictimai-siyasi mənzərəsi ilə bağlı yeni reallıqlar yaradıb.
Hesab edirik ki, belə bir reallıqda ölkənin gələcəyi üçün yeni siyasi qüvvələrin fərqli gündəliklə ortaya çıxması zəruridir. Yeni gündəliyi şərti olaraq “Post-Qarabağ gündəliyi” də adlandırmaq olar. Bu gündəliyin aparıcı elementləri ölkədə avtoritarizmin qidası olan ifrat etatist siyasi təfəkkürdən imtina, çağdaş demokratik siyasi sistemə keçid, ictimai idarəçiliyə və seçki sisteminə etimadın bərpası, desentralizasiyanın təmin edilməsi vasitəsilə bölgələrarası inkişafda kəskin disbalansın aradan qaldırılması və bölgələrin yaşanılabilən məkanlara çevrilməsi, siyasi mənşəli gəlir bərabərsizliyinin mənbələrinin və endemik korrupsiyanın aradan qaldırılması, iqlim dəyişikliyinin ələlxüsus kənd təsərrüfatına vurduğu zərərin mümkün qədər azaldılması, keyfiyyətli həyat standartının inkişafı kimi strateji məsələlər olmalıdır. Bir müddət sonra post-Qarabağ dövrünü postneft dövrü müşayiət edəcək və bu mərhələ Azərbaycan üçün ağır sosial-iqtisadi problemlər meydana gətirəcək. Bu baxımdan dayanıqlı iqtisadi inkişaf məsələsi də “Post-Qarabağ gündəliyi”nin aparıcı elementlərindən biri olmalıdır.”
“Çıxdığımız bu yolda missiyamız budur: idarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçidi təmin etmək. Bu missiyanın mütərəqqi vətəndaşlarımızın rəğbətini qazanacağına, cəmiyyəti proqressə aparacağına əminik"- Bəyanatda belə deyilir.
III Respublika Platformasının qurucu üzvlərindən biri Yadigar Sadıqlı Platformanın məqsəd və hədəfləri ilə bağlı ASTNA-nın suallarına cavab verib.
* * *
Sual: Yadigar bəy, III Respublika Platformasının məqsədi, məramı və hədəfi nədir?
Cavab: III Respublika Platformasının hədəfi seçkili demokratiyaya əsaslanan desentralist və sekulyar respublikanın qurulmasıdır. Və biz buna nail olmaq üçün geniş kütlələrin iştirakçılığının zəruri olmasını təşviq edirik. Biz insan ləyaqətinin üstün tutulduğu, “üstünlərin hüququ” əvəzinə hüququn üstün olduğu, tək adama deyil, hüquqa itaət edilən cəmiyyət qurmaq istəyirik. Siyasi gücün hakimiyyət qolları və yerli özünüidarəetmə arasında bölünməsini, idarəolunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçmək, təşəbbüskarlığa geniş imkanlar yaradılmasını istəyirik.
Sual: Niyə məhz III Respublika?
Cavab: Biz hesab edirik ki, iki Respublika artıq mövcud olub. Birinci dünya müharibəsinin son ilində və Rusiyada Fevral inqilabından sonra vüsət alan siyasi canlanma Azərbaycan Cümhuriyyətinin yaranması ilə nəticələndi. Həmin Cümhuriyyət 23 ay sonra bolşevik işğalı nəticəsində süqut etdi.
İkinci Respublika 1988-ci ildə başlayan xalq hərəkatının nəticəsi olaraq formalaşdı. Amma 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikaçılıq dəyərlərindən uzaqlaşma baş verdi. Hazırda Respublika ifadəsi formallıqdan başqa bir şey deyil, dövlət idarəçiliyində, dövlət institutlarının formalaşmasında xalqın heç bir iştirakı yoxdur.
Biz III Respublikanı qurmaq niyyətindəyik. Əvvəlki iki respublikadan fərqli olaraq Üçüncü Respublika uğrunda mübarizə həm də müstəqillik mübarizəsi olmayacaq. Müstəqil dövlətimiz var və onu həqiqi respublikaya çevirmək lazımdır.
Sual: Platforma dekabrın 7-də elan olundu. Ölkədə növbədənkənar prezident seçkilərinin elan olunduğu gün. Bu bir təsadüf idimi, yoxsa sizin belə bir addım atılacağından xəbəriniz var idi?
Cavab: Təsadüf idi. Artıq uzun müddət idi ki, təşkilatın qurulması, sənədlərinin hazırlanması, mövqelərimizin uzlaşdırılması istiqamətində işlər gedirdi. Hardasa 2-3 ay əvvəl belə qənaətə gəldik ki, həmin işləri ilin sonuna qədər yekunlaşdıra bilərik. O zaman qərara aldıq ki, təşkilatımızın yaranmasını dekabrın 7-də, Azərbaycan parlamentarizminin 105-ci ildönümündə elan edək. Çünki həmin gün respublikaçılıq üçün çox önəmli gündür.
Növbədənkənar seçki qərarı bizim üçün də gözlənilməz oldu. Həmin qərarın gündəmi nə qədər zəbt etməsini, bizim quruluş elanımıza necə təsir edə biləcəyini dəyərləndirməli olduq və qənaətimiz belə oldu ki, planımızı dəyişməməliyik.
Sual: Sosial şəbəkələrdə belə bir fikir var ki, seçki elan olunduğu gün ortaya çıxmaqla III Respublika Platformasının hədəfi bu seçkidə alternativ olaraq iştirak etməkdir. Belə bir niyyətiniz varmı?
Cavab: Seçkidə iştirak etmək üçün ən azı 60 dairədə minimum 40 min imza toplamaq lazımdır. Yeni bir təşkilatın bunu bacarması, razılaşarsınız ki, imkanlar xaricindədir. Ümumən isə bizim hədəfimiz insanları siyasi proseslərdə fəal iştiraka həvəsləndirməkdir. Buraya səsvermədə həm iştirak, həm nəzarət etmək daxildir. Amma bunu indiki seçkidə edə biləcəyimiz real deyil.
Sual: Respublika ideyasını əsas tutan ölkədə bir neçə siyasi təşkilat mövcuddur. Müsavat, REAL və digərləri. Siz onlara da alternativ olacaqsız? Və ya siz onlardan nə ilə fərqlənəcəksiz?
Cavab: Siyasi olsun, ya qeyri-siyasi, istənilən yeni qurum yeni alternativ deməkdir. Yeni şirkət, yeni mağaza, yeni xəbər saytı, yeni universitet – bunların hər biri insanlar üçün alternativ yaradır. Adətən alternativ və rəqib sözləri ekvivalent olur. Amma siyasətdə həmişə belə deyil. Əksinə, alternativlər bəzən müttəfiqə çevrilir. Məsələn, hansısa səbəbdən AXCP və ya Müsavat kimi partiyalara rəğbətlə yanaşmayan vətəndaş üçün III Respublika Platfoması cəlbedici ola bilər. Bu da həmin partiyalar da daxil olmaqla ümumən demokratik düşərgənin qazancı deməkdir. Bir sözlə, biz alternativik, amma demokratiya mübarizəsi aparanlara rəqib deyilik.
Azərbaycanda mövcud siyasi təşkilatları əsasən Qarabağ mövzusu siyasi səhnəyə çıxarıb. Bu da onların ritorikasına təsir edib: daha dövlətçi, daha millətçi görünmək yarışı aparılıb. Adətən avtoritar rejimlər özləri daha çox dövlətçiliyə, millətçiliyə söykənirlər. Amma mövcud hakimiyyət nə qədər inkar etsə də, özündən əvvəlki hakimiyyətin üstünə atsa da, Birinci Qarabağ savaşında ən ağır məğlubiyyətlər məhz onun dövründə olmuşdu. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmayanlar, hətta bunun əleyhinə çıxanlar hakim partiyada təmsil olunurdular.
Bütün bunlar müxalifətə millətçi-dövlətçi ritorikada kart-blanş verirdi. Digər problemlərin qabardılmadığını söyləmək olmaz, amma əsas diskurs bu idi. Zatən cəmiyyət üçün də bir nömrəli problem Qarabağ sayılırdı və müxalifətin bundan yararlanmaq istəməsi anlaşılandır. Amma İkinci Qarabağ savaşında qazanılan qələbə vəziyyəti kökündən dəyişdi. İndi hakimiyyət dövlətçi-millətçi ritorikada xeyli önə keçərək avtoritar rejim üçün zəruri boşluqları doldurdu.
Biz post-Qarabağ dövründə yaranan təşkilatıq. Hədəfimiz iqtidarla millətçilik, dövlətçilik yarışı deyil. Biz bu hökumətin heç zaman güclü olmayacağı dəyərlər müstəvisində mübarizə aparacağıq. Bu da insan ləyaqəti, həqiqi respublikaçılıq, özünüidarə, desentralizasiya, nümayəndəli demokratiya, hakimiyyət bölgüsü kimi dəyərlərdir.
Mənbə: Turan agentliyi