Menu

Səbət

Səbətiniz boşdur.

1. Necə olmalı?  

 

İnsan haqları konsepti fərd-dövlət münasibətlərinin əsas aspektlərindən biridir. Konstitusionalizm dövlət hakimiyyətinə iki cür əsas məhdudiyyət qoyur: 

 

1) Dövlət hakimiyyət orqanlarının səlahiyyət çərçivələrinin müəyyənləşdirilməsi; 

2) İnsan haqlarının tanınması və xüsusi sənəddə qeyd edilməsi. 

İnsan haqlarının üç nəsli fərqləndirilir: 

- Birinci nəsil: sivil və siyasi haqlar (XVIII əsrin sonu-XIX əsr və İkinci Dünya müharibəsindən sonra); 

- İkinci nəsil: sosial və iqtisadi haqlar (XIX əsrin ikinci yarısından sonra); 

- Üçüncü nəsil: anti-diskriminasiya haqları və kollektiv haqlar (XX əsrin 60-70-ci illəri). 

Məhdud hökumətin təminatlarından biri “birinci nəsil” (sivil və siyasi haqlar) haqlardır. Həmin haqların Konstitusiyada təsbiti və praktik tətbiqi avtoritarizmin,totalitarizmin və çoxluğun tiraniyasının qarşısını alır.  

İstənilən dövlət hakimiyyəti qaçılmaz olaraq korrupsiyalaşmağa meyllidir. Bu baxımdan istənilən dövlət hakimiyyətinin məhdudlaşdırılmasına xidmət edən əks-vasitələr olmalıdır. Dövlət hakimiyyətini məhdudlaşdıran əks-vasitələr qismində insan haqları çıxış edə bilsə də, insan haqlarının praktik icrası olmadıqdan sonra bu təminat xəyali xarakter daşıyır. 

İnsan haqlarının praktik icrası üçün ilk növbədə onların Konstitusiyada aydın və dəqiq tanınması vacibdir. Lakin bundan sonra qanunvericilik səviyyəsində insan haqları məsələsi, xüsusilə ona qoyulan mümkün məhdudiyyətlər daha aydın və detallı ifadə edilməlidir. Həmçinin insan haqlarının təminatlarından biri mümkün insan haqlarına dair mübahisələrin həllinə imkan yaradan müstəqil məhkəmə institutudur. 

Bu baxımdan insan haqlarının effektiv təminatı üçün: 

- Konstitusiyada aydın ifadə edilmə; 

- Qanunvericilik səviyyəsində detallı tənzimləmə; 

- Müstəqil məhkəmə təminatı; 

- Keçid dövrü üçün siyasi iradə amilləri mütləq şərtlərdir. 

Bununla yanaşı, sosial və iqtisadi haqlar , eləcə də anti-diskriminasiya təminatları müasir dövrün konstitusiyalarında əks olunur. Bu baxımdan həmin haqlar da yeni Konstitusiyada əksini tapmalıdır. Lakin onların mühakimə perspektivi mübahisəlidir. Çünki sosial haqlar Konstitusiyada ümumi formada göstərilir. Onun detalları daha çox dövlətin siyasi iradəsinin və bundan doğan qanunverici fəaliyyətin təminatı altındadır. Lakin sosial haqların məhkəmə perspektivi ilə bağlı vəziyyət mübahisəli qalır.  

Yuxarıda qeyd olunanlarla yanaşı, bunu da əlavə etmək vacibdir ki, Azərbaycan Respublikası beynəlxalq insan haqları sisteminin müqavilələrinə qoşulmağa və insan haqlarına dair öhdəliklərini beynəlxalq öhdəlik kimi götürməyə davam etməlidir. Bu hal beynəlxalq sistemin diqqətini yönəltməklə insan haqlarının səmərəli tətbiqində  yardımçı vasitə rolunu oynaya bilər. 

Sivil və siyasi haqlar mahiyyət etibarilə neqativ haqlardır. Onların məğzi odur ki, dövlət haqlara (azadlıqlara) müdaxilə etməkdən çəkinməlidir. Lakin müasir reallıqlar tələb edir ki, müəyyən pozitiv haqlar da mövcud olmalıdır. (Yəni dövlət haqqın icrası üçün müəyyən tədbirlər görməli, məsələn, ədalət mühakiməsi üçün məhkəmə sistemi, azad seçki üçün səmərəli seçki sistemi, işgəncə və digər halları araşdıran ədalətli mexanizm qurmalıdır və sair) Bu baxımdan pozitiv haqlarla neqativ haqların müəyyən bir balansı müəyyən edilməlidir. 

 

2.  Nəyi dəyişməli? 

 

Hazırkı hökumət (burada 15 iyun 1993-cü ildən Azərbaycan Respublikasını hüquqi və praktiki olaraq idarə edən iqtidar nəzərdə tutulur və bu anlayışa həm icraedici, həm də qanunverici hakimiyyət aid edilir) formal olaraq sivil və siyasi azadlıqların icrasını həm konstitusion, həm də beynəlxalq hüquqi öhdəlik kimi götürüb. Belə ki, mövcud hökumətin dövründə qəbul edilmiş 1995-ci il Konstitusiyasının III fəsli sivil və siyasi haqların və azadlıqların uzun siyahısını sadalayır və həmin haqların müdafiəsini müəyyən edir.  

 

Bundan əlavə, Azərbaycan dövləti 1992-ci ildən Sivil və Siyasi Haqlar haqqında Beynəlxalq Paktın (SSHBP) tərəfidir və mövcud hökumət 2002-ci ildən Avropa İnsan Haqları Konvensiyasını (AİHK) ratifikasiya edib. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti sivil və siyasi azadlıqların icrasına dair qanunvericilik bazası qəbul edib, yaxud ondan əvvəl qəbul edilmiş qanunlara əsaslı dəyişikliklər edib (məsələn, birinciyə nümunə kimi “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun, “Kütləvi informasiya vasitələri haqqında” Qanun, sonuncuya nümunə kimi “Dini etiqad azadlığı haqqında” Qanun, “Siyasi partiyalar haqqında” Qanun). Eləcə də 2002-ci ildə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu qəbul edilməklə insan haqları və azadlıqlarının tənzimlənməsini AİHK-ə uyğunlaşdırma istiqamətində addımlar atılıb (düzdür, adı çəkilən Konstitusiya Qanunu Konstitusiyada nəzərdə tutulan məhdudiyyət mexanizmindən daha ağır məhdudiyyətlər müəyyən etməklə insan haqları və azadlıqlarının tənzimlənməsi ilə bağlı qarışıq vəziyyət yaradıb).  

 

2002-ci ildə Ombudsman təsisatı yaradılmaqla insan haqları və azadlıqlarının icrasına nəzarət edən müstəqil publik institutun əsası qoyulub. Beləliklə, Azərbaycan hökumətinin formal olaraq insan haqları və azadlıqlarına dair formal səviyyədə konstitusion hüquqi və beynəlxalq hüquqi öhdəliklər götürdüyü müəyyən edilir. Lakin sivil və siyasi azadlıqların praktik vəziyyəti acınacaqlı haldadır. Belə ki, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar uzun müddətdir ki, Azərbaycan Respublikasında insan haqlarının vəziyyətinin ağır olduğunu və mütəmadi olaraq sistemli insan hüquqları pozuntuları baş verdiyini təsbit edirlər (bax: məsələn, 1, 2, 3).  

 

Beynəlxalq təşkilatların bu təsbitləri yerli müstəqil qeyri-hökumət təşkilatları tərəfindən də təsdiqlənir. Bunu da qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsi və hətta bir sıra hallarda BMT İnsan Haqları Komitəsi Azərbaycan hökuməti tərəfindən insan haqları pozuntularına yol verilməsinə dair qərarlar qəbul ediblər və edirlər. Lakin reallıqda Azərbaycan hökuməti ardıcıl olaraq insan haqları pozuntularına yol verir.  

 

Azərbaycan Respublikasında baş verən insan haqları pozuntuları fərdi xarakterli deyil və onlar sistemli, struktural və mütəmadi səciyyə daşıyır. Sistemli insan haqları pozuntusu dedikdə bu pozuntuların geniş həcmdə yayılması nəzərdə tutulur. Struktural insan haqları pozuntusu dedikdə bu pozuntuların dövlət orqanlarının fəaliyyəti üçün xarakterik olduğu və bu fəaliyyətin bir nəticəsi olaraq baş verməsi başa düşülür. Mütəmadi insan haqları pozuntusu dedikdə bu pozuntların gündəlik həyatın bir hissəsinə çevrilməsi anlaşılır. Azərbaycan Respublikasında baş verən pozuntular qeyd edilən xarakterlərə cavab verir. 

 

Bundan əlavə, baş verən insan haqları pozuntuları həm de-yure, həm də de-fakto pozuntulardır. Belə ki, bu pozuntular ya qanunvericilikdə müəyyən məhdudiyyətlər qoyulmaqla baş verir (de-yure pozuntular, məsələn, saytların bloklanması), ya da qanunların praktikada qeyri-düzgün icrası ilə bağlı bu pozuntular baş verir (de-fakto pozuntular, məsələn, polis tərəfindən aksiyaların dağıdılması vaxtı yol verilən pis rəftar). 

 

Qeyd edilməlidir ki, sivil və siyasi azadlıqlara qoyulan məhdudiyyətlər və ya sivil və siyasi azadlıqların pozuntuları qeyri-legitim xarakter daşıyır. Bu məhdudiyyət və pozuntular hazırkı hökumətin tənqid edilməsinin qarşısını almaq, hakimiyyətin demokratik və dinc yollarla dəyişdirilməsinin qarşısını almaq, insanların etirazlarına mane olmaq, köklü korrupsiyanın ifşasına istiqamətlənən fəaliyyəti sıradan çıxarmaq kimi məqsədlər və oxşar məqsədlər üçün istifadə edilir.  

 

Sadalanan məqsədlər insan haqlarına legitim məhdudiyyət əsasları deyil (ictimai qaydanın qorunması, digər şəxslərin haqlarının və maraqlarının qorunması, ictimai səhiyyənin təmini və sair). Beləliklə, sivil və siyasi azadlıqlara qoyulan məhdudiyyətlər qeyri-legitim xarakter daşıyır. 

 

1996-2009-cü illərdə insan haqlarına qoyulan məhdudiyyətlər daha çox de-fakto xarakter daşısa da, 2009-cu ildən etibarən isə de-yure məhdudiyyətlərin artım tendensiyası müşahidə edilir. Nəticə etibarilə, insan haqlarına qoyulan məhdudiyyətlər və insan haqları öhdəlikləri baxımından son dövrlər Azərbaycan hökuməti formal öhdəliklərindən də geri çəkilməyə başlayıb və ya bu istiqamətdə siqnallar verir. Beləliklə, Azərbaycanda insan haqlarının (yaxud bu sənədin məqsədləri baxımından sivil və siyasi azadlıqların) vəziyyəti aşağıdakı kimi xülasə edilə bilər: 

 

- Azərbaycan hökuməti insan haqlarına dair formal konstitusion və beynəlxalq hüquqi öhdəliklər götürüb, lakin son dövrlər (xüsusilə 2009-cu ildən etibarən) formal öhdəliklərdən geri çəkilmə tendensiyası mövcuddur; 

- Praktikada insan haqları pozuntuları arıdıcıl baş verir və sistemli (genişmiqyaslı), struktural və requlyar xarakter daşıyır; 

- İnsan haqlarına qoyulan məhdudiyyətlər siyasi xarakterlidir, demokratik cəmiyyəti qorumaq məqsədindən irəli gəlmir və bu səbəbdən qeyri-legitim məqsəd daşıyır. 

 

3. Necə dəyişməli? 

 

III Respublika Platforması sivil və siyasi azadlıqlar (insan haqları) ilə bağlı aşağıdakıları qarşısına məqsəd qoyur: 

1) İnsan haqları və dövlət hakimiyyətinin limitlərini müəyyən edən yeni Konstitusiya; 

2) İnsan haqlarına qoyulan mümkün məhdudiyyətləri detallı müəyyən edən qanunvericilik bazası; 

3) İnsan haqlarına dair beynəlxalq öhdəliklərə sadiqlik və keçid dövrü siyasi iradəsi; 

4) İnsan haqları mübahisələri üçün müstəqil məhkəmə təminatı; 

5) Praktik icra üçün beynəlxalq müsbət təcrübənin öyrənilməsi və dövlət qurumları üçün təfsilatlı instruksiyaların tərtibi. 

Mexanizmlər: Bizim hədəfimiz sivil və siyasi azadlıqların optimal vəziyyətə gətirilməsidir. Biz anlayırıq ki, dövlətin mövcudluğu şəraitində insan haqları pozuntuları istər-istəməz baş verəcək. Buna görə də insan haqları pozuntularına reaksiya verən ardıcıl hüquqi mexanizm (ya tribunal xarakterli məhkəmələr, ya da qeyri-tribunal xarakterli ombudsman təsisatı) qurulması hədəflərimizdən biridir.  

Biz həmçinin dərk edirik ki, bu mexanizm yalnız formal və nəzəri səciyyə daşımamalıdır. Qurulacaq mexanizm praktikada səmərəli (effektiv) olmalıdır. Mexanizm subyektiv təminatlara deyil, obyektiv təminatlara söykənməlidir. Bu baxımdan müstəqil və avtonom məhkəmələrin mövcudluğu insan haqları üçün bazis qarantiyadır.  

BMT və Avropa Şurası standartlarına və beynəlxalq müsbət təcrübəyə uyğun olaraq müstəqil məhkəmə islahatı keçirilməlidir. Eləcə də qeyri-tribunal qurumların da müstəqilliyi insan haqları pozuntusu iddialarına cəld reaksiya baxımından önəmlidir. Ona görə də Ombudsman təsisatının real müstəqilliyini vacib sayırıq. Bu məqsədlə Paris Prinsiplərinə sadiqlik çərçivəsində müstəqil insan haqları müdafiəçisi publik institutunun yaradılmasına nail olmağa çalışacağıq. 

Normalar: Sivil və siyasi azadlıqlar üçün digər təminat aydın və müəyyən normaların (qaydaların) varlığıdır. Hesab edirik ki, bu məqsədlə yeni Konstitusiya və həmin Konstitusiya əsasında yeni qanunvericilik bazası formalaşdırılmalıdır. (Düzdür, yeni Konstitusiya, sadəcə, insan haqları məqsədləri üçün deyil, həmçinin dövlət hakimiyyətinin çərçivələri üçün də vacibdir və bu məqsədə də xidmət etməlidir). Lakin təkcə insan haqlarının sadalanması (numersiyası) kafi sayıla bilməz. Hazırkı vəziyyətdə də bu mövcuddur. Əsas məsələ insan haqlarının hansı hallarda məhdudlaşdırıla biləcəyinin aydınlaşdırılmasıdır. Bu aydınlaşdırma olmadan və məhdudiyyət əsasları dəqiqləşdirilmədən insan haqlarının icrası mümkün olmayacaq. Bu məqsədlə praktikada işləyə bilən və beynəlxalq müsbət təcrübəyə əsaslanan məhdudiyyət normaları müəyyən edilməlidir.  

İnstruksiyalar: Praktikada icra üçün dövlət orqanları (inzibati orqanları) və məmurlar üçün aydın instruksiyalar (təlimatlar) mövcud olmalı və mütəmadi təkmilləşdirilməlidir. Belə instruksiyalar məhkəmələr üçün də müəyyən olunmalıdır (məhkəmə avtonomiyasına uyğun olaraq, belə instruksiyalar məhkəmə özünüidarəetməsi orqanı tərəfindən qəbul edilməlidir). 

 

Xoşməramlılıq və siyasi iradə: İnsan haqlarının uzunmüddətli pozuntularını nəzərə alaraq sivil və siyasi azadlıqların səmərəli icrası üçün yeni hökumətin xoşməramlı niyyəti və qəti siyasi iradəsi olmalıdır.  

 

Yuxarıda sadalanan elementlər (mexanizmlər, normalar, instruksiyalar, niyyətlər) məcmu halda mövcud olacağı təqdirdə, sivil və siyasi azadlıqların yalnız formal deyil, effektiv və optimal praktik icrası mümkün olacaq. 

 

Yuxarıda sadalananların reallaşdırılması üçün aşağıdakı tezisləri irəli sürürük: 

 

A - Hüquqi tənzimləmə səviyyəsində: 

  • Yeni Konstitusiyanın qəbulu; 
  • Sivil və siyasi azadlıqların beynəlxalq hüququn prinsipləri və tətbiqinə uyğunlaşdırılması. 

 

B - Praktiki tətbiq səviyyəsində: 

  • Qeyri-legitim müdaxilələrin yol verilməməsi. 

Digər Sənədlər

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın