Menu

Səbət

Səbətiniz boşdur.

1. Necə olmalı?  

 

III Respublika Platformasının umumi idarəetməyə baxışı 

 

Hesab edirik ki, müasir Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisi kimi klassik parlamentli respublika modelinə keçməlidir. Bunun üçün yeni Konstitusiya qəbul olunmalıdır.  

Konstitusiyada ümumi idarəetmənin fəlsəfəsi əks-mərkəzləşmə (desentralizasiya) mahiyyət daşımalı, “Yerli idarəetmə” anlayışı ali qanunda əksini tapmalı, yerli özünüidarəetmənin seçkili orqanlarının və mərkəzi hakimiyyətin yerlərdəki təyinatlı qurumlarının səlahiyyətləri aydın şəkildə qeyd edilməlidir. Mərkəzi hakimiyyətin yerlərdə təmsilçiliyi qanunvericiliyin icrasına nəzarətçi funksiyası daşımalı, səlahiyyəti sosial-iqtisadi çərçivələrin kənarında qalan məsələlərin həlli ilə məhdudlaşmalıdır. 

Ölkənin inzibati ərazi quruluşu vilayət bölgüsünə əsaslanmalı (13, 14, 15 və s.), böyük şəhər vahidləri istisna olmaqla, rayon və qəsəbələr vilayətlərin tabeliyinə verilməlidir. Vilayət rəhbərliyi yerli seçkilərlə formalaşmış Vilayət Məclisi və Vilayət Rəhbərindən ibarətdir. Eyni zamanda, mərkəzi hakimiyyət hər bir vilayətə özünün nümayəndəsini təyin edir. Vilayətlərdə hüquq-mühafizə, prokurorluq sistemi mərkəzi hakimiyyət tərəfindən formalaşdırılır. Vilayətdə ictimai asayişin təmininə cavabdeh polis qüvvələri (cinayət təqibi və istintaq səlahiyyəti olmayan)  seçkili vilayət rəhbərliyinin tabeliyində qalmalıdır. 

Yerli özünüidarə yerli (həm vilayət, həm də ayrıca götürülmüş kənd, şəhər və rayon) səviyyədə sosial-iqtisadi sahə ilə bağlı problemlərin həllində əsas səlahiyyət sahibi olmalıdır. Avropa Şurası Xartiyasının tələblərinə əsasən, bələdiyyələr üçün müəyyən edilən səlahiyyətlər müstəsna olmalı, yəni paralel olaraq başqa qurumlara da ötürülməmlidir. Hər bir səlahiyyətin yetərli səviyyədə icrası üçün zəruri maliyyə resursları təqdim edilməli, həmin resursların əhəmiyyətli hissəsi yerli vergilərdən formalaşmalı, qalan hissəsi mərkəzi büdcənin transfertlərindən əldə olunmalıdır. 

Yerli özünüidarəetmədə ikipilləli bələdiyyə sistemi tətbiq edilməlidir. Birinci pillə şəhər, kənd bələdiyyələri, ikinci pillə vilayət bələdiyyələridir. Kəndlər rayon bələdiyyəsinin tərkibində olmalıdır. (Gürcüstanda hazırda tətbiq edilən model.) Bu halda rayon bələdiyyəsinin hər bir kənd yaşayış məntəqəsi üzrə aktiv icra aparatı qurulur, kvota əsasında hər kəndin bir təmsiliçisi rayon bələdiyyəsinə seçilir və kəndin problemlərinin rayon Bələdiyyə Şurasında müzakirəsini, kənd üçün zəruri büdcənin ayrılmasını təmin edir. Kənd bələdiyyələrinin büdcəsi rayon bələdiyyə məclislərində, rayon bələdiyyələrinin büdcəsi vilayət Bələdiyyə Məclisində müəyyən edilir. 

Əhalisi 100 000 nəfərdən aşağı ərazilərdə rayon inzibati ərazi vahidi yaradılmır, rayonlarda birləşmə aparılır. Əlavə olaraq, respublika tabeli şəhərlərin hər birində avtonom və vahid bələdiyyə fəaliyyət göstərir.  

 

Yaxşı idarəetmə  

 

Bizim idarəetməyə baxışımız 

 

Tarixi təcrübə göstərir ki, hər bir cəmiyyətin inkişafı onun yaxşı idarəetmə sisteminə sahibliyindən birbaşa asılıdır. Siyasi elitaların idarəetmə proqramlarına XX əsrin sonlarında yer tapan yaxşı idarəetmə anlayışı dövlət idarəçiliyində təmsilçilik, iştirak və nəzarətin, effektiv vətəndaş cəmiyyəti institutlarının, dövlət idarəetməsində qanunun aliliyinin və ədəmi-mərkəziyyətçiliyin, siyasi-iqtisadi idarəetmədə şəffaflığın, hesabatlılığın, keyfiyyətli və etik qaydaların mövcud olduğu  siyasi, iqtisadi, sosial düzəni ifadə edir. 

III Respublika Platformasının yaxşı idarəetmə baxışı cümhuriyyət modelinə əsaslanan dövlətdə seçkili demokratiya yoluyla formalaşan, fəaliyyətini hesabatlı, şəffaf prinsiplərlə quran mərkəzi və yerli idarəetmə formasıdır. Bu idarəetmə baxışı özündə insan haqlarına hörməti rəhbər tutmaqla,  hüququn üstünlüyünü, məhkəmələrin müstəqilliyini,  insanların ictimai-siyasi proseslərdə maneəsiz və qorxusuz iştirakını, hər kəsin rifaha qovuşmaq haqqına sahib olmasını ehtiva edir.  

Yaxşı idarəetmə insan hüquqlarına və qanunun aliliyinə hörmət, demokratiyanın gücləndirilməsi, dövlət idarəçiliyində şəffaflıq və bacarıqların təşviqi deməkdir.  

Buna aşağıdakı prinsiplər sayəsində nail olmaq olar; 

  • İştirakçılıq - İnsanlar qanuni təşkilatlar və ya təmsilçilər vasitəsilə fikirlərini səsləndirməkdə azaddır. 
  • Bərabərlik və inkişaf - İnsanlar öz rifahlarını yaxşılaşdırmaq və ya qorumaq üçün imkanlara sahib olmalıdır.  
  • Qanunun aliliyi - Qanuni çərçivənin qərəzsizliyi. 
  • Hesabatlılıq - Dövlət qurumları, özəl sektor və qeyri-hökumət təşkilatları maraqlı tərəflər qarşısında cavabdeh olmalıdır. 

 Şəffaflıq - məlumat açıq, anlaşılan və izlənilən olmalıdır. 

 Həssaslıq - idarəçilik bütün maraqlı tərəflərə xidmət etməlidir.  

 

Mərkəzi hakimiyyətdə:  

  • Vətəndaşlar ictimai fəaliyyətin mərkəzindədir və  ictimai həyatda bütün legitim yollarla iştirak edir. 
  • Hər kəs  birbaşa və ya onların mənafelərini təmsil edən qanuni ara orqanlar (nümayəndəlik) vasitəsilə qərar qəbul etməkdə söz sahibidir. Belə geniş iştirak ifadə, toplaşma və birləşmə azadlıqları üzərində qurulur. 
  • Daha az imtiyazlı və həssas qruplar (etnik, cinsi, dini, mədəni və digər azlıqlar) daxil olmaqla bütün səslər eşidilir. 
  • Qərarlar çoxluğun iradəsinə uyğun olaraq qəbul edilir, azlığın hüquqları və qanuni mənafelərinə hörmət edilir. 
  • Məqsədlər, hədəflər və onlara nail olmaq üçün müəyyənləşdirilən qaydalar, strukturlar, prosedurlar vətəndaşların qanuni gözləntiləri və ehtiyaclarına uyğunlaşdırılır. 
  • Təqdim olunan dövlət xidmətləri tələb və şikayətlərə ağlabatan müddətdə cavab verir. 
  • İdarəetmə qaydaları ali qanunvericiliyə  uyğun  qəbul edilir, keyfiyyətli icra olunur və qərəzsiz tətbiq olunur. 
  • Qanunla müəyyən edilmiş səbəblərlə (dövlət sirri, şəxsi məlumatların məxfiliyinin qorunması və ya kommersiya sirləri istisna olmaqla) təsnif olunmayan bütün məlumatlara ictimai giriş açıqdır.   
  • Hər növ korrupsiyanın qarşısını almaq və ona qarşı mübarizə üçün təsirli tədbirlər mövcuddur. 
  • Maraqların toqquşması prinsipi möhkəm qorunur, idarəetmədə nepotizm yolverilməzdir.  

Siyasi rəhbərlikdə ailə mənsubiyyətinin təmsilçiliyi və dövlət resursları hesabına biznes fəaliyyətinin yolverilməzliyi təşkilatımızın prinsipial baxışıdır. Hesab edirik ki, dövlət idarəçiliyində nepotizm, siyasi rəhbərlikdə ailə mənsubiyyəti üzrə təmsilçilik və dövlət resursları hesabına formalaşan qanunsuz sahibkarlıq Azərbaycanın inkişafının qarşısındakı ən böyük əngəldir. 

  • Daha yaxşı nəticələrə nail olmaq və daimi inkişaf üçün isə  ictimai-siyasi mühit hər zaman əlverişli olmalıdır.  
  • Uzunmüddətli idarəetmə hədəflərində gələcək nəsillərin ehtiyacları nəzərə alınmalı, mərkəzi və yerli idarəetmədə insan haqlarına hörmət əsas prinsip kimi çıxış etməli, hər hansı müstəvidə ayrı-seçkiliyə yol verilməməlidir. 
  • Mədəni fərqlilik ictimai nemət kimi qəbul edilməli, hər kəsin etnik, dini, cinsi və mədəni mənsubiyyəti ilə birgə digər fərqliliklərin ictimai inteqrasiyası üçün yaxşı hüquqi-praktik mühit yaradılmalıdır. 
  • Bütün dövlət xidmətlərinə çatımlılıq hamı üçün bərabər olmalıdır. Xüsusilə də məhdud imkanlı zümrələrin xidmətlərə çatımlılıq hüququ daha həssas qorunmalıdır. 
  • Kollektiv (məsələn, parlamentin qanunları) və direktiv (məsələn, hökümətin fərman və sərəncamları) qərar layihələrinin və qərarların fərdi və ictimai sorğulamalara açıqlığı təmin edilməlidir. 
  • İdarəetmənin mədəni-siyasi hüquqları zədələyən fəsadlarına qarşı təsirli hüquqi yollar və real işlək mexanizm olmalıdır. 

 

Yerli özünüidarəetmədə: 

  • Yerli seçkilər beynəlxalq standartlara və milli qanunvericiliyə uyğun olaraq, azad, şəffaf və ədalətli keçirilir. 
  • Yerli özünüidarəetmənin status və səlahiyyət dairəsi konstitusion təminat altına alınacaq. Bələdiyyələr haqqında qanun Yerli Özünüidarəyə Dair Avropa Xartiyasına uyğunlaşdırılmalıdır. 
  • Şəhər bələdiyyələri formalaşdırılmalı, mer institutları təsis edilməlidir. 
  • Yerli icra hakimiyyəti institutu ləğv edilməli, səlahiyyəti yerli özünüidarəetmə qurumuna (şəhər bələdiyyələrinə) verilməlidir. 

 

2. Hazırda necədir? 

 

Nəyi dəyişməli?  

 

Pis idarəetməni dəyişməli (mövcud idarəetmə) 

Azərbaycan hazırda sərt avtoritar rejim tərəfindən idarə olunur. Ölkəmizin siyasi, hüquqi, iqtisadi sistemində bütün kriteriyalar üzrə pis idarəetmənin əsas əlamətlərini görə bilərik.  

Pis idarəetmənin təzahürləri: 

  • Xalqın idarəetməyə təsir imkanlarının zəifliyi; 
  • Total polis (dövlət) nəzarəti; 
  • İctimai rəyin əhəmiyyət kəsb etməməsi; 
  • Hökümətin korrupsiyaya qurşanması; 
  • Aşağı idarəetmədə rüşvətxorluq; 
  • Büdcə xərcləmələrində şəffaflığın yoxluğu; 
  • Qanunların işləməməsi; 
  • Məhkəmələrin ədaləti deyil, siyasi sistemə bağlı azsaylı qrupun mənafeyini qoruması və ya korrupsiya maraqlarından çıxış etməsi. 

 

Bu qısa qarşılaşdırmadan görünür ki, belə idaqrəetmə  insanların   mülki, siyasi, sosial haqlarının müdafiəsinə imkan tanımır.  

Biz bu vəziyyəti dəyişmək istəyirik! 

 

 

3. Necə dəyişməli? 

 

Yaxşı idarəetməyə nail olmaq üçün aşağıdakı mexanizmləri əhatə edən hüquqi-siyasi baza (model) yaradılmalıdır: 
 

  • Siyasi, iqtisadi, hüquqi sferalarada qeyri-legitim müdaxilələrə yol verilməməlidir; 
  • Güclü vətəndaş cəmiyyəti formalaşmalıdır; 
  • Hökumətin fəaliyyətində şəffaflığa və hesabatlılığa nail olunmalıdır; 
  • Hökumətin fəaliyyətinin səmərəliliyini ölçən göstəricilər sistemi tətbiq edilməlidir; 
  • Vəzifəli şəxslər  və onların yaxın qohumlarının gəlir və əmlaklarına dair bəyannamələrinin ictimaiyyət üçün açıqlığı hər il  təmin edilməlidir.; 
  • İctimai informasiyalara məhdudiyyətsiz çıxış təmin edilməlidir; 
  • Nepotizmin qarşısının alınmasını təmin edən maraq toquşması haqqında qanun qəbul olunmalıdır;  
  • Hökumət strukturlarının təşkilini və onlar arasında əlaqələri tənzimləyən çərçivə sənədi (normativ hüquqi akt) hazırlanmalıdır;  
  • Dövlət satınalmalarında rəqabətlilik, şəffaflıq və hesabatlılıq təmin edilməlidir;  
  • İctimai vəsaitlərin səmərəli istifadəsini təmin edən nəticə əsaslı büdcə mexanizmi tətbiq olunmalıdır;  
  • Publik şirkətlərdə korporativ idarəetmə müstəqil və peşəkar menecerlərin iştirakçılığı ilə təmin edilməlidir; 
  • Dövlət şirkətlərinin şəffaflıq və hesabatlılığına qarşı tələblər sərtləşdirilməlidir;  
  • Mərkəzi hökumət tərəfindən yerli və sosial-iqtisadi problemlərin həlli geniş və müstəsna səlahiyyətlərlə təmin edilmiş yerli özünüidarəetmə qurumlarına həvalə olunmalıdır;  
  • Vətəndaşların birbaşa maraqlarına toxunan qərarların qəbulunda maraq qruplarının iştirakçılığı təmin edilməlidir; 
  • İctimai iştirakçılığı və nəzarətin effektivliyini təmin edən hüquqi baza formalaşdırılmalıdır.  

Digər Sənədlər

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın