Menu

Səbət

Səbətiniz boşdur.

Milli təhlükəsizlik klassik mənada dövlət suverenliyinin, onun vətəndaşlarının xarici təhdidlərdən müdafiəsidir. 

 

III Respublika Platformasının baxışına görə, Azərbaycanın demokratikləşməsi onun milli təhlükəsizlik məsələsidir.  

 

Ənənəvi beynəlxalq təhlükəsizlik sisteminin faktiki olaraq çökdüyü indiki şəraitdə Azərbaycan özünün təhlükəsizliyini daha etibarlı təmin etməyə can atmalıdır. Qlobal geosiyasətə neorealizmin hakim kəsildiyi, Avropanın şərqində, Yaxın Şərqdə müharibələrin, çoxsaylı lokal münaqişələrin olduğu bir dövrdə və aqressiv neoimperial siyasət yeridən Rusiya Federasiyası ilə qonşuluq  reallığında ortaya çıxan təhdidlərə qarşı Azərbaycan kimi dövlətlər özünün milli təhlükəsizliyini təkbaşına təmin etmək gücündə deyil.  

 

Türkiyə ilə hərbi-strateji əməkdaşlıq və müttəfiqlik ölkəmizin təhlükəsizliyi üçün böyük imkanlar yaradır. Ancaq Rusiyanın Ukraynanı işğal etməsi faktı açıq-aydın nümayiş etdirir ki, nə ikitərəfli müttəfiqlik paktları, nə də güclü dövlətlərin verdiyi təhlükəsizlik təminatları Ukraynanın təhlükəsizliyinin təminatı üçün yetərli olmadı. Bu hadisə eyni zamanda onu da üzə çıxardı ki, NATO bütün üzv ölkələri Rusiya ekspansiyasından qorumaq üçün yeganə etibarlı çətirdir. 

   

III Respublika Platforması hesab edir ki, Azərbaycanın təhlükəsizliyinin etibarlı təminatı Avropa İttifaqı və NATO üzvlüyündən keçir.   

 

Bu çərçivədə Azərbaycanın öz suverenliyini bütün ərazisində bərpa etməsi, Ermənistanla arasındakı münaqişənin başa çatması ölkəmizin NATO üzvlüyü yolunda  əsas maneəni aradan qaldırır. Digər tərəfdən isə Azərbaycanda avtoritarizmin güclənməsi tendensiyası Avropaya inteqrasiya yolunda keçilməz sədd yaradır ki, bu da ölkəni dünyanın ən etibarlı təhlükəsizlik çətirindən – mümkün NATO üzvlüyündən məhrum edir.  

 

III Respublika Platforması hesab edir ki, artıq çökmüş ənənəvi beynəlxalq təhlükəsizlik sisteminin əvəzinə formalaşacaq yeni sistemdə ayrı-ayrı ölkələrə münasibətdə demokratiklik əsas meyar kimi önə çıxacaq. Bu baxımdan biz əminik ki, demokratikləşmə  milli təhlükəsizlik məsələsidir. Ölkəmiz gecikmədən köklü demokratik dəyişikliklərə nail olmalı, Avropaya inteqrasiya istiqamətində əsas standartlara (azad cəmiyyət, azad bazar iqtisadiyyatı, modern ordu) cavab verə bilməli və NATO üzvlüyünə nail olmaqla özünün milli təhlükəsizliyinə etibarlı təminat qazanmalıdır.   

 

Azərbaycan Respublikasının xarici siyasəti: 

  • ölkənin milli maraq və mənafelərinin qorunmasına xidmət etməli; 
  • Yaxın və uzaq ölkələrlə dostluq münasibətlərinə və tərəfdaşlığa əsaslanmalı; 
  • Beynəlxalq hüquq normalarına uyğun bərabərhüquqlu, ikitərəfli və çoxtərəfli əlaqələrə, özünün və bütün qonşu ölkələrin ərazi bütövlüyünə münasibətdə qəti sədaqətə söykənməlidir. 

 

Azərbaycan Avropaya inteqrasiyanın önünü açacaq tarixi “Qafqaz Evi” ideyasının canlanmasında maraqlı olmalı, Ermənistanla münasibətlərin normallaşdırılmasına paralel olaraq Qafqaz Birliyinin yaradılmasına təşəbbüs göstərməlidir. Bu birlik Avropa İttifaqının kiçik modeli mahiyyətində təşkil olunmalı və hər üç ölkə qarşılıqlı dərin siyasi-iqtisadi-kultural inteqrasiyaya can atmalıdır. Cənubi Qafqaz ölkələri arasında sərhədlər şərti xarakter daşımalı, insanların gediş-gəlişi sərbəstləşdirilməlidir. Cənubi Qafqaz ölkələrinin hər hansı birinə səfər edən üçüncü ölkə vətəndaşları hər üç respublikanı sərbəst şəkildə gəzə bilməlidir. Üç Qafqaz ölkəsinin daxili inteqrasiyası nəticə etibarilə Cənubi Qafqazın bütöv formada Avropa İttifaqına inteqrasiyasına əlverişli zəmin yaratmış olacaq.    

 

Yuxarıdakı mövqeyimizə əsasən Azərbaycanın təhlükəsizlik və xarici siyasət konsepsiyası ilə əlaqədar aşağıdakı tezislər hasil olur: 

 

- İndiki geosiyasi şərait diktə edir ki, Azərbaycan hazırda tərkib hissəsinə çevrildiyi beynəlxalq avtoritar koalisiyalarda iştirakdan dərhal imtina etməli, avro-atlantik təhlükəsizlik alyansında yer almalı və Avropa İttifaqına real inteqrasiyanı xarici siyasətinin prioritetinə çevirməlidir; 

 

- Azərbaycan Avropa İttifaqı üzvlüyünə yönələn bütün təşəbbüslərdə fəal iştirak etməlidir; 

 

- Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmalıdır; 

 

- Azərbaycan Türkiyə ilə dərin strateji tərəfdaşlığını və müttəffiqliyini möhkəmləndirməli, həmçinin, regionda sülh, sabitlik və təhlükəsizliyə töhfə vermək məqsədilə Türkiyə ilə yaxınlaşma siyasətini inkişaf etdirməlidir; 

 

- Gürcüstanla əlaqələr dinc qonşuluq, beynəlxalq hüquqa əsaslanan bərabərhüquqlu və ikitərəfli münasibətlər üzərində qurulmalı və hazırkı strateji tərəfdaşlıq dərinləşdirilməlidir; 

 

- Ermənistanla münasibətlərin normallaşdırılması qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması prinsipinə əsaslanan, delimitasiya və demarkasiya prosesinin tamamlanmasını hədəfləyən, qarşılıqlı iqtisadi-ticari münasibətlərin qurulmasına və kommunikasiya xətlərinin açılmasına zəmin yaradan ağlabatan sülh müqaviləsinin bağlanması çərçivəsində həyata keçirilməlidir;  

 

- Eyni zamanda, Ermənistan və Gürcüstanla əlaqələr Qafqaz Birliyi təşəbbüsü çərçivəsində Cənubi Qafqazın inteqrasiyasının dərinləşdirilməsi zəminində inkişaf etdirilməlidir; 

 

- Azərbaycan mənasız və amorf bir quruma çevrilmiş MDB-də iştirakını dayandırmalı, keçmiş sovet ölkələri, o cümlədən Rusiya Federasiyası ilə bərabərhüquqlu, ikitərəfli münasibətlərə üstünlük verməlidir; 

 

- Azərbaycan qonşusu İran İslam Respublikası ilə bərabərhüquqlu, ikitərəfli əlaqələrə və qarşılıqlı olaraq ərazi bütövlüyünə hörmətə əsaslanan münasibətlərə üstünlük verməlidir;  

 

- Azərbaycan Türk Dövlətləri Təşkilatı və İslam Konfransı Təşkilatı ilə əlaqələrini inkişaf etdirməlidir. 

Digər Sənədlər

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın