Menu

Səbət

Səbətiniz boşdur.

Ordu quruculuğu 

 

Ordu quruculuğu ölkənin müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edir və düzgün aparılmadığı halda ölkə ciddi təhdidlərlə üzləşə bilər. Bu baxımdan ordu quruculuğu beynəlxalq qabaqcıl təcrübəyə əsaslanmalıdır. 

Ümumi hərbi təcrübəyə əsasən ordunun komplektləşdirilməsinin iki üsulu mövcuddur:  

  1. Konskripsiya – icbari hərbi xidmət əsasında müəyyən yaşa çatmış kişi vətəndaşların məcburi öhdəlik kimi hərbi xidmətə cəlb edilməsi; 
  2. Professionalizm – könüllü əqd əsasında müəyyən yaşa çatmış vətəndaşların (başlıca olaraq kişi əhalinin) müəyyən hərbi təlim keçməklə hərbi xidmətə cəlb edilməsi yolu ilə. 

Müxtəlif ölkələrin təcrübəsində bu iki üsuldan birini seçməklə və yaxud bu iki üsulu qarışıq tətbiq etməklə, ordu quruculuğu həyata keçirilir.  

Azərbaycan Respublikasının cari ordu quruculuğu üsulu başlıca olaraq konskripsiya üsuludur. Bununla yanaşı, professionalizm məhdud formada tətbiq edilərək könüllü əqd əsasında da orduya cəlb etmələr həyata keçirilir. Başqa sözlə, Azərbaycan Respublikası hazırda konskripsiyanı təməl, professionalizmi isə yardımçı vasitə kimi tətbiq edən qarışıq ordu quruculuğu formatı istifadə edir. 

Üçüncü Respublika Platforması hesab edir ki, Azərbaycan Respublikasının cari konskripsiya təməlli ordu komplektləşdirməsi üsulu aşağıdakı səbəblərə görə problemli və yararsızdır: 

  1. Konskripsiya metodu hərbçilər üçün stimullaşdırıcı xarakter kəsb etmədiyindən döyüş hazırlığının keyfiyyətini aşağı salır; 
  2. Konskripsiya metodu ordu quruculuğunda endemik korrupsiyalaşmaya zəmin yaradır; 
  3. Konskripsiya metodu ordu tərkibində “dedovşina”ya, yəni daha stajlı hərbçilər tərəfindən yeni sıravilərə qarşı təhqiramiz və despotik rəftara rəvac verir; 
  4. Konskripsiya üsulu institusional hərbi ənənənin formalaşdırılmasına mane olur və ordunun siyasi asılılığını təşviq edir; 
  5. Mövcud konskripsiya metodu mürtəce sovet təcrübəsinin məhsuludur və beynəlxalq qabaqcıl təcrübə ilə ziddiyyət təşkil edir. 

Yuxarıda sadalananlara əsasən Üçüncü Respublika Platforması hesab edir ki, ordunun komplektləşdirilməsi üsulu dəyişdirilməlidir. Yeni ordu quruculuğu üsulu professionalizmi təməl, konskripsiyanı isə yardımçı komplektləşdirmə forması kimi qəbul edən qarışıq formata əsaslanmalıdır. Professionalizm təməlli qarışıq format aşağıdakı qaydada tətbiq edilməlidir: 

  • Ordunun zabit heyəti peşəkar qaydada davamlı hərbi təlim və tədrisdən keçən zabit kursantlardan formalaşdırılmalıdır. Hazırda da zabit heyətinin formalaşdırılması bu üsulla həyata keçirilir. Lakin indiki halda hərbi təlim və tədrisin keyfiyyəti aşağıdır. Ona görə də təlim və tədrisin keyfiyyətinin artırılmasına fokuslanmaq zəruridir; 
  • Ordunun qeyri-zabit daimi hərbi heyəti (məsələn, gizirlər) peşəkar qaydada müəyyən müddətli hərbi təlim əsasında formalaşdırılmalıdır. Yuxarıda qeyd edilən təlimin keyfiyyəti problemi bu sahəyə də aiddir və aradan qaldırılmalıdır; 
  • Ordunun əsgəri heyətinin həlledici qismi müəyyən müddətə bağlanmış əqdlər əsasında yığılmış peşəkar hərbçilərdən ibarət olmalıdır. Bu heyət müəyyən müddət təlimə cəlb edildikdən sonra və ordu hazırlığı üçün kifayət edən yetərlilik tələblərinə cavab verdikdən sonra hərbi xidmətə buraxılmalıdır. Ordu quruculuğunda əsas dəyişdirilməli məqam bu hissəyə aiddir; 
  • Konskripsiya üsulu əsgəri heyətin formalaşdırılması üsulu kimi rədd edilməlidir. Hərbi xidmət yaşına çatmış kişi vətəndaşlar rezervist kimi hərbi qeydiyyata alınmalı və qısamüddətli hərbi təlimə cəlb edilməlidir. Sülh şəraitində rezervistlər əsgəri heyətin formalaşdırılması üçün istifadə edilməməli, onların icbari cəlb etməsi yalnız hərbi təlim keçməklə məhdudlaşmalı və yalnız müharibə şəraitində zərurət meydana çıxdıqda rezervistlər lazımi proporsiya üsulu ilə cəlb edilməlidir; 
  • Ordunun mülki heyəti (təminatçılar kimi) könüllülük əsasında bağlanan əqdlərlə həyata keçirilməli və hərbi xidmətdən kənar işlər həmin mülki heyətə tapşırılmalı, əsgəri heyət hərbi birləşmələrin hərbidənkənar işlərinə cəlb edilməməlidir. 

Konskripsiya üsulu ilə icbari hərbi təlimə cəlb edilmiş kişi vətəndaşlar üçün icbari təlim müddəti hazırkı 18 aylıq (ali təhsillər üçün 12 aylıq) müddətdən normativ müddətə - 3 aya endirilməlidir. (Normativ tələblər ödənilmədiyi təqdirdə bu müddət əlavə 1 ay uzadıla bilər.) Hansı vətəndaşların bu müddət aralığında təlimə cəlb edilməsi onların hərbi hazırlıq dərəcəsindən asılı olaraq fərdiləşdirilmiş qaydada tətbiq edilməlidir. İcbari hərbi təlim yaşı 18-30 yaş aralığı müəyyən edilir. Bununla yanaşı, yuxarıda qeyd edilən icbari hərbi təlim keçmə ənənəsi təşəkkül tapdıqdan sonra qanunamüvafiq ödənişli əsaslarla daha qısamüddətli hərbi təlimlər təşkil edilməsi məsələsi ictimai müzakirəyə çıxarıla bilər. 

İcbari hərbi xidməti, o cümlədən icbari hərbi təlimi öz dini və ya ideoloji motivlərinə görə rədd edən əqidəvi etirazçı vətəndaşlar üçün alternativ mülki xidmət təşkil edilməlidir. Bu xidmətin müddəti ümumi icbari hərbi təlim müddətinin iki qatı təşkil etməlidir. Alternativ mülki xidmət tələb edən əqidəvi etirazçı (vicdani rəddçi) vətəndaşların müraciətləri bu məqsədlərlə təşkil edilmiş hərbi komissiyalar tərəfindən araşdırılmalı və dini və ya ideoloji motivlərə dair onların təqdim etdiyi sübutlar əsaslı olduğu təqdirdə təmin edilməlidir. Müharibə şəraitində əqidəvi etirazçı vətəndaşlar silah daşımaq və istifadə etmək tələb etməyən hərbi xidmətlərə cəlb ediləcəklər. Bu məqsədə nail olmaq üçün ilk növbədə uzun müddətdir qəbul edilməyən alternativ qeyri-hərbi (mülki) xidmət haqqında qanun qəbul edilməlidir. 

Yeni ordu quruculuğunun əsas əsgəri heyəti təşkil edən könüllü (müqaviləli) peşəkar hərbçilərin maddi təminatını təşkil etmək üçün bütün müvafiq addımlar atılmalı – onların maaşları həyat səviyyələrini təmin etmək üçün ağlabatan dərəcədə müəyyən edilməli və onlar veteran statusu əsasında müvafiq sosial təminatlara (tam ödənişsiz əsaslarla tibbi xidmət, pensiya və müavinət təminatı kimi) və eləcə də digər güzəştlərə (özləri və ya ailə üzvləri üçün dövlət hesabına ali təhsil, güzəştli ipoteka kimi) malik olmalıdırlar.  

Ordunun komplektləşdirilməsi üsulunda korrupsiya elementlərini aradan qaldırmaq məqsədilə bu sahədə vahid idarəçilik təşkil edilməli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv edilərək onun bütün səlahiyyətləri Müdafiə Nazirliyinə həvalə edilməlidir. Tərxis edilmiş hərbçilər avtomatik olaraq veteran statusu əldə etməli və onların sosial təminat məsələləri Müdafiə Nazirliyin səlahiyyətləri sırasından çıxarılaraq müvafiq sosial təminat qurumlarına həvalə edilməlidir.  

Ordunun mülki və hərbi rəhbərliyi arasında fərqləndirmə aparılması (mülki-hərbi dixotomiya) təmin edilməli və ordunun siyasi rəhbərliyi, yəni müdafiə naziri səlahiyyəti siyasi statusa malik, hərbçi olmayan şəxsə aid edilməli, Müdafiə Nazirliyi aparatının bürokratiyası əsasən mülki bürokratiyadan ibarət təşkil edilməlidir. Hərbi rəhbərlik isə Baş Qərargah timsalında peşəkarlıq əsasında təyin edilmiş hərbçilərə həvalə olunmalıdır. Hərbi protokolda müdafiə naziri ilk, Baş Qərargah rəisi növbəti sırada durmalıdır. Ordunun siyasiləşməsinin qarşısını almaq məqsədilə ali hərbi təyinatlar (Baş Qərargah rəisi, qoşun komandanları və qoşunların qərargah rəisləri) meritokratik prinsiplərə əsasən həyata keçirilməli və belə təyinatların yekun təsdiqi üçün parlament səsverməsində çətinləşdirilmiş səs (⅔ səs) çoxluğu tələbi qoyulmalıdır. 

Digər Sənədlər

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın