Menu

Səbət

Səbətiniz boşdur.

III Respublika Platformasının hədəfləri nədir?

Bakı/13.12.23/Turan: Dekabrın 7-də Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə  bir qrup ictimai-siyasi  şəxs tərəfindən III Respublika Platforması yaradılıb.

Qurucu üzvlər (təsisçilər) arasından Platformanın fəaliyyətinə rəhbərlik edəcək Qurucu Heyət seçilib. 7 nəfərdən ibarət Qurucu Heyətə Akif Qurbanov, Araz Əliyev, Elman Fəttah, Rövşən Ağayev, Ruslan İzzətli, Səməd Rəhimli, Yadigar Sadıqlı daxildir.

Təsisçilərin bəyanatında deyilir:  "Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etməsi və ərazi bütövlüyünü bərpa etməsi ölkənin gələcək ictimai-siyasi mənzərəsi ilə bağlı yeni reallıqlar yaranıb.

Hesab edirik ki, belə bir reallıqda ölkənin gələcəyi üçün yeni siyasi qüvvələrin fərqli gündəliklə ortaya çıxması zəruridir. Yeni gündəliyi şərti olaraq “Post-Qarabağ gündəliyi” də adlandırmaq olar. Bu gündəliyin aparıcı elementləri ölkədə avtoritarizmin qidası olan ifrat etatist siyasi təfəkkürdən imtina, çağdaş demokratik siyasi sistemə keçid, ictimai idarəçiliyə və seçki sisteminə etimadın bərpası, desentralizasiyanın təmin edilməsi vasitəsilə bölgələrarası inkişafda kəskin disbalansın aradan qaldırılması və bölgələrin yaşanılabilən məkanlara çevrilməsi, siyasi mənşəli gəlir bərabərsizliyinin mənbələrinin və endemik korrupsiyanın aradan qaldırılması, iqlim dəyişikliyinin ələlxüsus kənd təsərrüfatına vurduğu zərərin mümkün qədər azaldılması, keyfiyyətli həyat standartının inkişafı kimi strateji məsələlər olmalıdır. Bir müddət sonra post-Qarabağ dövrünü postneft dövrü müşayiət edəcək və bu mərhələ Azərbaycan üçün ağır sosial-iqtisadi problemlər meydana gətirəcək. Bu baxımdan dayanıqlı iqtisadi inkişaf məsələsi də “Post-Qarabağ gündəliyi”nin aparıcı elementlərindən biri olmalıdır.”

“Çıxdığımız bu yolda missiyamız budur: idarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçidi təmin etmək. Bu missiyanın mütərəqqi vətəndaşlarımızın rəğbətini qazanacağına, cəmiyyəti proqressə aparacağına əminik"- Bəyanatda belə deyilir.

III Respublika Platformasının qurucu üzvlərindən biri Səməd Rəhimli Platformanın məqsəd və hədəfləri ilə bağlı Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır. 


Mənbə: Turan agentliyi

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın