Menu

Səbət

Səbətiniz boşdur.

Biz, III Respublik Platforması olaraq inanırıq ki, Azərbaycanda siyasi dəyişikliyə ehtiyac var. Bu dəyişikliyi hazırkı qeyri-legitim idarəçiliyin səbəb olduğu ədalətsizlik, genişmiqyaslı korrupsiya, kəskin sərvət bərabərsizliyi, təşəbbüskarlığın boğulması və  siyasi apatiya şərtləndirir.

 

Biz ölkədəki bütün problemlərin kökünün siyasi xarakterli olduğuna və həmin problemlərin həlli yollarını bildiyimizə əminik.

 

Bu təşəbbüs vasitəsilə əsas məqsədimiz həll yollarını bildiyimiz problemlərin cəmiyyətdə ictimai müzakirəsinə nail olmaqdır. İctimai müzakirə cəmiyyətin geniş iştirakçılığını tələb edir. İştirakçılıq isə bizim üç təməl dəyərimizdən biri olan respublikaçılığın əsas sütunlarından biridir. Biz həqiqi respublikaçılıq prinsipinə uyğun olaraq ictimai müzakirə prosesində cəmiyyətin iştirakını təşviq etmək niyyətindəyik.

 

Yuxarıda qeyd edilən ictimai müzakirə üçün öz kimliyimizi aşağıdakı qaydada təqdim edirik.

 

Bizim təməl prinsipimiz insan ləyaqətidir: Hər bir insan kimliyindən asılı olmayaraq özünəməxsus və dəyərlidir. Dövlətin məqsədi insan ləyaqətini qorumaq olduğu üçün heç bir halda dövlətin hansısa mücərrəd mənafeyi insan ləyaqətindən üstün deyil.

 

Vizyonumuz– İnsan ləyaqətinin üstün tutulduğu cəmiyyətin qurulmasıdır.

 

Missiyamız –-  İdarəolunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçidin təmin edilməsidir.

 

Dəyərlərimiz – Respublikaçılıq; Sekulyarlıq; Desentralizasiya (RSD).

 

Respublikaçılıq — mərkəzi hakimiyyətin azad və adil seçkilər əsasında xalqdan etimad alması və təməl hakimiyyət səlahiyyətlərinin (qanunverici, icraedici və məhkəmə) güc tarazılığı  əsasında bölüşdürülməsidir.

 

Sekulyarlıq — siyasi qərar qəbuletmə və idaretmə mənbəyinin dini qaydalara deyil, bəşəri hüquq prinsiplərinə söykənməsidir.

 

Desentralizasiya - mərkəzi hökumətin səlahiyyət və resurslarının yerli özünüidarə ilə bölüşdürülməsi sayəsində mərkəzlə bölgələr arasında güc tarazlığının təsis edilməsidir. 

 

Bizim konseptual baxışımıza görə, Azərbaycanın dövlət rejimi demokratikliyə əsaslanan  sekulyar respublika, siyasi sistemi isə desentralizasiya əsaslanan parlamentarizmdir.

 

Hesab edirik ki, əksmərkəzləşməyə keçid ölkəmizdə siyasi təmərküzləşmənin yaratdığı aşağıdakı problemlərin həlli baxımından son dərəcə zəruridir:

 

  • Siyasi təmərküzləşmə insanların təhlükəsiz və ləyaqətli yaşama canatma haqlarını, o cümlədən insanların öz aqibətləri barədə qərar qəbuletmə imkanını təhdid edən istibdada (despotizmə) səbəb olur. 

  • Siyasi təmərküzləşmə ictimai problemlərinin çevik və effektiv həllinə maneə törədən bürokratik-korrupsion idarəetməyə rəvac verir.

 

Siyasi təmərküzləşməyə qarşı əksmərkəzləşmənin faydaları aşağıdakılardır:

 

  • Əks-mərkəzləşmə vahid əldə cəmləşən siyasi gücün bölgələrin lehinə bölüşdürülməsi yolu ilə istibdadın formalaşması və davamlılığının qarşısını alır;

  • Əks-mərkəzləşmə insanların öz aqibətlərinə dair qərar qəbuletmədə iştirakçılığını təmin edir;

  • Əks-mərkəzləşmə bölgələrdə siyasi institutların inkişafını və yerli siyasi elitanın formalaşmasını təşviq edir;

  • Əks-mərkəzləşmə siyasi-iqtisadi müstəvidə bölgələrarası rəqabətə rəvac verir və bölgələrin öz gələcəyi barədə daha səmərəli addımlar atmaq potensialını artırır. 

 

Yuxarıda qeyd edilənləri əsas götürərək əks-mərkəzləşmənin iki formasını fərqləndiririk: 

1) siyasi; 

2) funksional.

 

Siyasi əks-mərkəzləşmə xalq nümayəndələrinə qərar qəbul etmək üçün daha çox səlahiyyət verilməsidir. Respublikaçılıq prinsipi ilə vəhdətdə olmaqla, siyasi əks-mərkəzləşmə mahiyyətcə konstitusion və hüquqi islahatların keçirilməsini, plüralist demokratiyanı, çoxpartiyalılığı və güclü yerli özünüidarəni zəruri edir. Qeyd edilən çərçivə isə öz növbəsində ölkədə hər hansı formada mərkəzi avtoritar sistemin qurulmasına və möhkəmlənməsinə qarşı effektiv mexanizm yaradır. Yerli nümayəndəlik institutunun inkişaf etdirilməsi siyasi əks-mərkəzləşmənin ən geniş yayılmış formasıdır. Mərkəzi hökumət yerli əhəmiyyətli idarəetmə və qərar qəbulu üzrə səlahiyyətləri özünüidarə statuslu qurumlara ötürür və bu səlahiyyətlərin həyata keçirilməsi işinə nəzarət isə mərkəzi hökumətdən yerli seçkili orqanlara verilir. 

 

Funksional əks-mərkəzləşmə xidmətlərin göstərilməsində inzibati, iqtisadi, maliyyə səlahiyyətlərinin yerli özünüidarə orqanlarına verilməsidir.  Mərkəzi hökumət cəmiyyətə baha başa gələn funksiyalardan xilas olur və rutin funksiyalarını isə siyasi məsələlərə istiqamətləndirir.

 

Tarixi təcrübə həqiqi respublikaçılığın və demokratiyanın desentralizasiya olmadan gerçəkləşə bilmədiyini nümayiş etdirir!

 

Gerçək respublikaçılığın düsturu budur: “Tək Adama” deyil, Hüquqa itaət edirik! 

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın