Menu

Səbət

Səbətiniz boşdur.

Necə olmalı? 

 

Ədalət mühakiməsi bir cəmiyyətin sağlam şəkildə mövcud olmasının fundamentlərindən biridir. Ədalət mühakiməsi sistemi qurulmadan struktural iqtisadi inkişaf, rifah, kultural tərəqqi mümkün deyil. Həqiqi məhkəmə sistemi olmadığı təqdirdə insanlar daim hökumətin özbaşınalığının fəsadları ilə üzləşəcək və onlar nə özlərini təkmilləşdirməkdə, nə də ictimai həyata töhfə verməkdə maraqlı olacaqlar. Bu səbəbdən də adil düzənin qurulması üçün ədalət mühakiməsi mexanizmləri mütləq şərtdir. 

 

Ədalət mühakiməsinin qurulması idealları həmişə arzuolunan olsa da, bunların reallaşdırılması daha məxsusi tənzimləmələr tələb edir. Müxtəlif ölkələrdə ədalət mühakiməsi təsisatları qurulması üçün fərqli modellər tətbiq edilir. Bu modellər həmin ölkələrin tarixi-siyasi proseslərindən irəli gəlir. Lakin, eyni zamanda, ədalət mühakiməsi prinsiplərinə dair müəyyən beynəlxalq hüquqi prinsiplər mövcuddur. 

 

Həmin prinsiplər ədalət mühakiməsi təsisatlarının qurulmasının çərçivələrini müəyyən edirlər. Ədalət mühakiməsinin təsisi prinsipləri aşağıdakılardır: 

 

  1. Məhkəmə təsisatının özünüidarəsi; 
  2. Məhkəmələrin müstəqilliyi və bitərəfliyi; 
  3. Məhkəmələrin müyəssərliyi; 
  4. Hakimlərin toxunulmazlığı və təminatlılığı; 
  5. Ədalət mühakiməsi təminatlarının mövcudluğu; 
  6. Məhkəmə qərarlarının qətiliyi. 

 

Bu prinsiplərin hər biri özündə spesifik hüquqi təminatlar nəzərdə tutur.  

 

Məhkəmə təsisatının özünüidarəsi: 

  • Məhkəmə təsisatı məhkəmə sistemində yekun qərarqəbuletmə səlahiyyəti olan hakim heyətinin qanunverici və icraiyyə qurumlarının müdaxiləsi olmadan azad şəkildə özlərini idarə etməsi və hakim postuna təyinatların siyasiləşməsinin qarşısının alınmasıdır. Məhkəmə təsisatının özünüidarəsi məqsədilə özünüidarə səlahiyyəti olan və üzvləri siyasiləşməyən məhkəmə özünüidarəsi orqanı, yəni Məhkəmə Şurası təsis edilməlidir. Bu qurum hakim təyinatlarında vacib, hakimlərin xaric edilməsi daxil olmaqla onların intizam məsuliyyəti məsələsində həlledici söz sahibi olmalıdır. Bundan əlavə, Məhkəmə Şurası məhkəmə qurumunun büdcəsi üzərində tam qərarvermə səlahiyyətinə malik olmalıdır. 

 

Məhkəmələrin müstəqilliyi və bitərəfliyi: 

  • Məhkəmələrin müstəqilliyi hansı pillədə olmasından asılı olmayaraq ayrı-ayrı məhkəmələrin qanunverici və icraiyyə qurumlarından asılı olmaması mənasına gəlir. Bununla yanaşı, aşağı məhkəmələr yuxarı məhkəmələrdən asılı olmamalıdır (yuxarı məhkəmələrin aşağı məhkəmələrin qərarlarını ləğv etməsi və işə yenidən baxılmasına dair hüquqi göstərişlər verməsi asılılıq demək deyil).  
    Məhkəmələrin müstəqilliyinin təmin edilməsi üçün məhkəmələr ayrıca təsisat kimliyi əsasında işlərə baxılmasında tam səlahiyyətli hərəkət edə və öz idarəçiliklərinə dair müstəqil qərarlar verə bilməlidir. Məhkəmələrin bitərəfliyi məhkəmələrin iş üzrə tərəflərə münasibətdə əvvəlcədən və işə baxılması sırasında stereotipli olmaması və işə baxan hakimlərin işdə hər hansı marağının obyektiv və subyektiv surətdə istisna edilməsidir. Məhkəmələrin müstəqilliyi və bitərəfliyi cinayət işlərinə baxılmasında səlahiyyətli olan jürilərə də şamil edilir. 

 

Məhkəmələrin müyəssərliyi: 

  • Məhkəmələrin müyəssərliyi maraqlı şəxslər üçün məhkəmə təsisatının müxtəlif pillələrdə əlçatan olmasıdır. Məhkəməyə şikayət verilməsi qarşısında müxtəlif əsassız maneələr aradan qaldırılmalıdır. Məhkəməyə şikayət verilməsi üçün nəzərdə tutulan legitim məhdudiyyətlər (müddət, rüsum, subyektiv hüquq və sair) ağlabatan qaydada müəyyən edilməlidir.  

 

Hakimlərin toxunulmazlığı və təminatlılığı: 

  • Hakimlər baxdıqları işlərə görə hər hansı təzyiq və təsirə məruz qalmamalıdır. Buna nail olmaq üçün onların toxunulmazlığı hüquqi səviyyədə müəyyən edilməlidir. Bununla yanaşı, onlara qarşı meydana çıxa biləcək təhdidlərin praktik səviyyədə aradan qaldırılması üçün zəruri tədbirlər görülməlidir. İşlər hakimlərə təbii hakimlik meyarı əsasında verilməli və məhkəmələrin idarəçi hakimlərinin işlərin bölünməsində hər hansı rolu olmamalıdır. İdarəçi hakimlər heç bir halda konkret işlərə görə fərdi hakimlərə iş barədə necə qərar qəbul edəcəklərinə dair təlqin edə bilməzlər. Hakimlərin təminatlılığı onların maddi təminatlarının hüquqa əsasən və obyektiv qaydada müəyyən edilməsidir. Qanunverici və icraiyyə qurumları işlərə onların istədiyi kimi baxmadığı üçün hakimləri maddi təminatlarından məhrum edə bilməməlidir. Hakimlərin maddi təminatı onların işlərə baxa bilməsi üçün ağlabatan və mütənasib miqdarda müəyyən edilməli və heç bir halda azaldılmamalıdır. Hakimlərin toxunulmazlığı və təminatlılığına dair qaydalar məqbul çərçivədə cinayət işlərinə baxan jürilərə şamil edilməlidir. 

 

Ədalət mühakiməsi təminatlarının mövcudluğu: 

  • Ədalət mühakiməsinin institusional təminatları (müstəqillik, bitərəflik, müyəssərlik) ilə yanaşı, ədalət mühakiməsi haqqının prosessual təminatları da məhkəmə sisteminin quruluşu üçün mütləq şərtdir. Ədalət mühakiməsi haqqının təməl aspektləri konstitusion səviyyədə müəyyən edilməli və prosessual normativ hüquqi aktlarla müfəssəl şəkildə təminat altına alınmalıdır. Təməl prosessual ədalət mühakiməsinə təminatlarına bu prosessual haqlar aiddir: işlərə müstəqil, bitərəf, hüquqauyğun məhkəmə tərəfindən baxılması, məhkəmələrin əlçatanlığı, işlərə adil baxılması, tərəflərin bərabərliyi, çəkişmə, sübutların əldə edilməsi. Yuxarı pillə məhkəmələrə şikayətvermə haqqının səmərəli şəkildə icrası ilə bu təminatların praktikliyi qorunub saxlanılmalıdır. 

 

Məhkəmə qərarlarının qətiliyi: 

  • Məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları qəti xarakter daşımalı və heç bir istisna olmadan icra edilməlidir. Əhali məhkəmə qurumunun səlahiyyətli olduğunu, yəni sözünün keçdiyini görməli və hüquqi mübahisələrini yalnız məhkəmə təsisatı çərçivəsində həll etməyə meyillənməlidir. 

 

Nəyi dəyişməli? 

 

Hazırda Azərbaycanda müstəqil məhkəmə və ədalət mühakiməsi mövcud deyil. İnsanların haqlı olaraq ədalət mühakiməsinə inamları yoxdur. Məhkəmə dedikdə insanların ağlına korrupsiya, rüşvət və sifariş gəlir.  

 

Əhalinin gözündə məhkəmələrin bu cür görünməsinin əsaslı səbəbləri var. Məhkəmələr müstəqil olmadıqlarına görə ədalətli qərar verə bilmirlər. Məhkəmələrin hazırkı hökumətə loyal olması onunla nəticələnir ki, hökumət də məhkəmə sisteminin korrupsiyalaşmasına şərait yaradır. Hazırkı hökumətlə məhkəmələr arasında bu cür “quid pro quo” münasibət (hökumətin sifarişlərini yerinə yetirmək əvəzində korrupsiyadan faydalanmaq) ədalət mühakiməsinin təməllərini sıradan çıxarır.  

 

Ədalət mühakiməsinin digər problemi isə kadr təyinatlarıdır. Hakim heyətinə təyinatların, demək olar ki, hamısı hazırkı hökumətə loyal şəxslərdən ibarətdir. Həmin şəxslər uzunmüddətli dövlət qulluqçularından, hüquq mühafizə orqanları əməkdaşlarından, hökumətə yaxın bizneslərdə işləyən hüquqşünaslardan və hökumətə sadiq qruplardan, ələlxüsus da siyasi elitaya bağlılığı olan çevrədən gəlirlər. Onlar daxili inamları etibarilə hüququn aliliyini və ədalət mühakiməsinin müstəqilliyini deyil, hazırkı hökumətin maraqlarını əldə rəhbər tuturlar. Məhkəmə sisteminə təyinatlarda bu çevrədən kənar şəxslər buraxılmır.  

 

Kadr siyasəti hakimlər peşə fəaliyyəti müddətində yuxarıdakı korrupsiya mexanizmi ilə “gözükölgəli” saxlanılaraq asılı qalması ilə davam etdirilir. Bununla da, hakimlər heç bir halda müstəqil ola bilmirlər. Kadr siyasətindəki bu fəsad məhkəmələrin bitərəfliyinə də neqativ təsir edir. Çünki hökumətə sadiq və onun hüquq mühafizə siyasətinə bağlı hakim heyəti işlərə bəşəri hüquq prinsiplərinin işığında baxa bilmir. 

 

Məhkəmə özünüidarə qurumu olan Məhkəmə Hüquq Şurasında da real özünüidarə mühiti yoxdur. Hökumətin illərdir ki, həyata keçirdiyini iddia etdiyi məhkəmə-hüquq islahatları da bu vəziyyəti düzəltmir. Hələ də ədliyyə naziri Məhkəmə Hüquq Şurasının simasıdır və cəmiyyətin gözündə məhkəmə təsisatının rəhbəridir. Bu cür mənzərə belə, Azərbaycanda məhkəmə müstəqilliyinin olmamasını nümayiş etdirmək üçün yetərlidir. 

 

Məhkəmə işlərində məruzə sistemi qalmaqda davam edir. Heç bir hakim heç bir iş üzrə müstəqil qərar verə bilmir. Bütün işlər məhkəmə sədrlərinə məruzə edilir. Əsas işlər barədə yuxarı məhkəmə və icraiyyə qurumları ilə razılaşdırılmaqla qərarlar qəbul edilir. Məhkəmələr hazırkı hökumətin siyasi sifarişləri sözsüz yerinə yetirirlər. 

 
Cinayət mühakimə sistemi reallıqda təqsir prezumpsiyası ilə hərəkət edir. Azərbaycan cinayət  

mühakimə ədliyyəsi, demək olar ki, bəraətvermə anlayışı ilə tanış deyil. Ölkədə bəraətlərin sayı hələ də tək rəqəm daxilində dövr edən faizlərdən ibarətdir. İşə baxan hakimlər bütün müttəhimlərə potensial təqsirkar gözü ilə baxır. Ölkədə hər kəs potensial şübhəli şəxsdir. Faktiki olaraq təqsirsizlik prezumpsiyası mövcud deyil. İnsanlar öz təqsirsizliklərinə məhkəməni inandırmaq məcburiyyətində qalırlar. İttiham tərəfi kimi prokurorluq cinayət işlərində dominant söz sahibidir. Hakimlər dövlət ittihamının əleyhinə getməkdən çəkinirlər. Hər kəsi istədiyi kimi ittiham edən sovet prokurorluğu ənənəsi davam edir.  

 

İnzibati mühakimə ədliyyəsində məhkəmələr inzibati orqanlar əleyhinə qərar qəbul etməkdən çəkinirlər. Xüsusilə güc strukturları daxil olmaqla hüquq mühafizə orqanlarına qarşı inzibati mübahisələrdə iddiaçı tərəf kimi vətəndaşlar çarəsizdir. Məhkəmə-hüquq islahatı çərçivəsində həyata keçirilən inzibati məhkəmə islahatı böyük uğursuzluq nümunəsidir. 

 

Mülki hüquqi işlərdə endemik korrupsiya davam edir. Hazırkı hökumətin həyata keçirdiyi elektron məhkəmə islahatları yazılı şəkildə həyata keçirilən korrupsiya meyillərinin elektron formada davam etməsindən başqa heç bir yeniliklə nəticələnməyib. 

 

Ölkədə ciddi vəkil defisiti mövcuddur. Vəkillər Kollegiyası faktiki müstəqil deyil və hazırkı hökumətdən asılıdır. Yaxın dövrdə həyata keçirilən vəkillik islahatı vəkil defisiti problemini həll etmək əvəzinə ağırlaşdırıb. Bu islahatın vəkillik qurumunun etibarlı hüquqşünas kastası sisteminə inteqrasiya olunmasından başqa heç bir faydası olmayıb. 

 

Necə dəyişməli? 

 

Yuxarıda sadalanan ədalət mühakiməsi problemlərini həll etmək üçün məhkəmə sistemi yenidən təşkil edilməli və onun özünüidarəsinə, müstəqilliyinə və ədalətliyinə dair təminatlar həm hüquqi, həm də praktik məcrada həyata keçirilməlidir. Ədalət mühakiməsinin təşkili prinsiplərinin işığında yeni məhkəmə quruluşu aşağıdakı kimi təşkil edilməlidir. 

Məhkəmə sisteminin təşkili: Məhkəmə sisteminin qurulmasının iki növü fərqləndirilir: 

a) Məhkəmə vahidliyi; 

b) Məhkəmə ayrılığı. 

Məhkəmə vahidliyi prinsipi daha çox anqlo-sakson ölkələrdə tətbiq edilir. Bu halda mülki, inzibati və sair işlər üzrə ixtisas məhkəmələri qurulmur. 

Məhkəmə ayrılığı prinsipi isə kontinental Avropa ölkələrində tətbiq edilir. Məhkəmə ayrılığı müxtəlif xarakterli hüquqi işlər üzrə ümumi və ixtisas məhkəmələrinin qurulmasını müəyyənləşdirir. Buna müvafiq olaraq ümumiyurisdiksiyalı məhkəmələrlə yanaşı ixtisas məhkəmələri (inzibati, kommersiya, ailə və sair) yaradıla bilər. 

Azərbaycanda hazırda kontinental Avropa ənənəsinə uyğun olaraq məhkəmə ayrılığı qismən tətbiq edilir. Lakin keçid dövrü üçün keçmiş hakim heyətinin köklü şəkildə dəyişəcəyi və yeni hakim təyinatlarının çətin olacağını nəzərə alaraq bir müddət məhkəmə vahidliyi yanaşmasının tətbiq edilməsi arzuolunandır. 

Keçid dövrü məhkəmə sistemi: Keçid dövründə mövcud apelyasiya məhkəmələri və Ali Məhkəmə ləğv edilərək vahid yuxarı instansiya məhkəməsi yaradılacaq. Bu məhkəmənin qərarlarından Konstitusiya Məhkəməsinə şikayət verilə biləcək. Vahid yuxarı instansiya məhkəməsi yeni məhkəmə sistemi formalaşdırılana qədər 1-2 illik müddətə səlahiyyətli olacaq. Vahid yuxarı instansiya məhkəməsi 7 ərazi quruluşu üzrə formalaşdırılacaq. 

Yeni dövr məhkəmə özünüidarəsi: Məhkəmə təsisatı sahəsində müstəqil özünüidarə qurumu olan Məhkəmə Şurası yaradılır. Məhkəmə Şurasının 15 üzvü olacaq: 10 üzv məhkəmə mənşəli (bütün məhkəmə pillələrinin proporsional təmsilçiliyi əsasında), 4 üzv qanunverici orqan mənşəli, 1 üzv isə icraiyyə orqanının təmsilçisi olacaq. Məhkəmə Şurası hakimlərin qəbulu, hakimlərin intizam məsuliyyəti, məhkəmə sisteminin büdcə idarəetməsi məsələlərində səlahiyyətli olacaq. Məhkəmə Şurasının qərarları (qəbul və intizam) yalnız Ali Məhkəmə (İnzibati Kollegiya) tərəfindən yoxlanıla biləcək. Şuranın büdcəyə dair qərarları isə Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılır. Məhkəmə Şurasının statusu, ümumi səlahiyyətləri, tərkibi, kvorum və səs hüququ məsələləri Konstitusiyada təsbit ediləcək. Qalan məsələlər məhkəmə təşkilatı barədə məxsusi qanunla tənzimlənəcək (bu qanun Konstitusiyaya uyğun olmaq şərtilə Milli Məclis tərəfindən mütləq səs çoxluğu ilə qəbul edilə bilər). 

Yeni dövr məhkəmə quruluşu: Məhkəmə sisteminin məhkəmə vahidliyi yanaşması əsasında ölkə üzrə inzibati ərazi vahidləri (bu halda şərti olaraq 14 vilayət) üzrə vahid vilayət məhkəmələri təsis edilir. Vilayət məhkəmələri vilayətdə olan əhalinin sayı nisbəti üzrə azı iki olmaqla, çoxu dörd olmaqla təşkil edilə bilər. Vilayət məhkəmələri ibtidai (ilk dərəcə) məhkəmələr olub fakt və hüquq mübahisələrinə baxırlar.  

Hər bir vilayət məhkəməsi 4 kollegiyadan ibarət olur. Bu kollegiyalara aşağıdakılar aiddir: 

I. Mülki kollegiya; 

II. Cinayət kollegiyası; 

III. İnzibati kollegiya; 

IV. Kommersiya kollegiyası. 

Hər iki vilayət üzrə vahid apelyasiya məhkəməsi yaradılmaqla ümumilikdə ölkə üzrə 7 apellyasiya məhkəməsi formalaşdırılacaq. Apellyasiya məhkəmələrinin də yuxarıdakı dörd kollegiyaları olur. Apelyasiya məhkəmələri ümumi qayda olaraq hüquq mübahisələrini nəzərdən keçirəcəklər. Lakin vilayət məhkəmələri faktiki mübahisələri düzgün həll etmədikləri hallarda de-novo mühakimə apara bilərlər (bunun üçün xüsusi qaydalar prosessual qanunvericilikdə öz əksini tapacaq).  

Ölkə üzrə vahid Ali Məhkəmə mövcud olur. Ali Məhkəmənin də yuxarıdakı dörd kollegiyası mövcud olur. Ali Məhkəməyə birbaşa şikayət verilməsi mexanizmi aradan qaldırılır. Ali Məhkəmə yalnız apelyasiya məhkəmələri arasında hüquq mübahisələri yarandığı hallarda şikayətlərə baxır. Bu baxımdan Ali Məhkəməyə şikayət verilməsinin xüsusi qəbuledilənlik meyarları mövcud olur. Ali Məhkəmənin hər kollegiyası öz sahəsi üzrə hüquq təcrübəsi üzrə yekun sözə sahibdir (jurisprudence constante formalaşdıracaq).  

Ali Məhkəmənin kollegiyalarının iş fəaliyyəti iki istiqamətli olacaq:  

1) müstəsna hallarda, fərdi mübahisələrin həlli (hüquqi aspekt);  

2) apellyasiya məhkəmələrinin təcrübəsinin “ex officio” öyrənilməsi nəticəsində məhkəmə təcrübəsinin formalaşdırılması.  

Ali Məhkəmənin qəbuledilənlik qərarları ədalət mühakiməsi hüququ çərçivəsində KM-də yoxlanıla biləcək. 

Ali Məhkəmənin Plenumu və əlavə kassasiya şikayəti yığışdırılır; 

Müstəsna məhkəmə Konstitusiya Məhkəməsidir. Konstitusiya Məhkəməsinin judisiar baxımdan üç funksiyası olacaq:  

1) aşağı qanunvericiliyin konstitusiyaya uyğunluğunun yoxlanılması;  

2) insan hüquqları üzrə fərdi şikayətləri araşdırmaq;  

3) qurumlararası səlahiyyət mübahisələrinin həlli.  İndiki qanunvericilikdən fərqli olaraq, KM ordinar qanunvericiliyə şərh verməyəcək. 

Cinayət işləri üzrə jüri sistemi: Ağır cinayətlər üzrə ibtidai məhkəmə araşdırması üçün 7 nəfərdən ibarət jüri məhkəmələri təşkil ediləcək. Ağır cinayət dedikdə 5 ildən yuxarı azadlıqdan məhrum etmə cəzası tətbiq edilə biləcək cinayət əməlləri başa düşüləcək. Jüri icbariyyət prinsipi əsasında təşkil ediləcək. Vətəndaşlar avtomatik çağırılma əsasında jüri vəzifəsi daşıyacaqlar. Lakin bir sıra hallarda onlar jüri vəzifəsindən azad ediləcəklər (məhkumluq, dil qabiliyyəti, tərəflərin etirazları və sair).  

Jürinin funksiyası ittihamın yalnız faktual aspektinə cavab verməkdir, yəni ittiham üzrə müttəhimə isnad edilən əməl törədilibmi ya yox sualı. Bu suala jüri tərəfindən cavab verildikdən sonra ittihamın hüquqi xarakteristikası hakim tərəfindən qiymətləndiriləcək. Hakim jürinin sübutlar əsasında faktiki aspekt üzrə verdiktini və özünün hüquqi xarakteristikaya müvafiq qərarını əsaslandırmalıdır. 

Məhkəmə sisteminin konstitusion statusu: Yuxarıda qeyd edilən məhkəmə özünüidarəsi və məhkəmə quruluşu Konstitusiyada öz əksini tapacaq. Vilayət məhkəmələrinin sayının əhali nisbətinə əsasən 2-4 arası olması və cəmi 7 apellyasiya məhkəməsi yaradılacağı Konstitusiyada qeyd ediləcək. Eyni qaydada vahid Ali Məhkəmə və Konstitusiya Məhkəməsi ilə bağlı qaydalar da Konstitusiyada göstəriləcək.  

 

 

Digər Sənədlər

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın