Menu

Səbət

Səbətiniz boşdur.

Vaşinqton Birgə Bəyannaməsi və Azərbaycan–Ermənistan arasında sülh prosesinə dair Bəyanat

III Respublika Platformasının (ResPlatforma)
Bəyanatı


Vaşinqton Birgə Bəyannaməsi və Azərbaycan–Ermənistan arasında sülh prosesinə dair


Tarix: 11 avqust 2025



8 avqust 2025-ci il tarixində Vaşinqtonda imzalanmış Azərbaycan və Ermənistan arasındakı Birgə Bəyannamə sülh prosesinin növbəti mərhələsini ifadə edir. Vaşinqton görüşü yekun sülh müqaviləsinin imzalanması ilə nəticələnməsə də, sənəd tərəflərin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü, suverenliyi və sərhədlərin toxunulmazlığını tanıdıqlarını bütün dünya ictimaiyyəti qarşısında bəyan etməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır.


Birgə Bəyannamə BMT Nizamnaməsinin 2-ci maddəsi, Helsinki Yekun Aktı (1975) və Almatı Bəyannaməsi (1991) kimi beynəlxalq sənədlərdə təsbit olunmuş prinsiplərə uyğun olaraq regionda davamlı sülhü təmin edə biləcək hüquqi-siyasi çərçivəni möhkəmləndirir.


ResPlatforma olaraq biz, bu sənədi:


Sülh prosesinə kövrək töhfə kimi qiymətləndirir və tarixi münaqişənin sonlandırılması istiqamətində faydalı addım hesab edirik. Azərbaycanın və Ermənistan hökumətlərinin sülh prosesinə dair götürdükləri öhdəliklərə əməl edəcəklərinə və yekun sülh müqaviləsini imzalayacaqlarına dair ictimaiyyətdə yaranmış gözləntiləri bölüşürük.


Birgə Bəyannamənin ruhu son illərdə sülh prosesinə mane olan və qarşılıqlı etimadı zəiflədən zərərli siyasi ritorikanın sıradan çıxarılması zərurətini aktuallaşdırır. Bu çərçivədə biz, açıq şəkildə bəyan edirik:


- Tarixi ərazi iddialarına istinad edən “Qərbi Azərbaycan” və “Böyük Ermənistan” kimi konseptlərdən;

- Hərbi hədələri önə çəkən “Dəmir yumruq yerindədir” kimi ifadələrdən


imtina olunması sülh prosesinin uğuru üçün  zəruri addımdır.


Sülh müqaviləsinin imzalanması ilə Qarabağ münaqişəsi tarixə qovuşacaq. 


Bununla:


- Azərbaycan siyasi leksikonunda illərlə yer alan “Qarabağ böyüklükdə dərd” propaqandası yekunlaşdırılmalı;


- ResPlatformanın Quruluş Bəyanında irəli sürdüyü “Post-Qarabağ gündəliyi”nin – yəni mərkəzi demokratik idarəetmə, regional desentralizasiya və siyasi mənşəli sosial ədalətsizliyin aradan qaldırılması mövzularının – cəmiyyətin əsas müzakirə predmeti olması zərurəti hamı tərəfindən qəbul edilməlidir.


ResPlatforma olaraq biz, Vaşinqton Birgə Bəyannaməsini Cənubi Qafqazda davamlı sülh üçün töhfə hesab edir və tərəflərin öhdəliklərinə sadiq qalaraq tarixi sülh müqaviləsini tezliklə imzalayacağına ümid edirik. Siyasi ritorikadan zərərli diskursların çıxarılmasını və post-münaqişə gündəliyinə keçidi regionun gələcəyi üçün əsas təminat sayırıq.

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın