Menu

Səbət

Səbətiniz boşdur.

ResPlatformanın Birinci Quruluş İldönümü Bəyanatı

13/2024                                                                               06 dekabr 2024-cü il



07 dekabr 2024-cü il III Respublika Platformasının (ResPlatforma) birinci quruluş ildönümüdür.


07 dekabr 2023-cü il tarixdə - Azərbaycan parlamentarizminin əsasının qoyulmasının 105 illiyində ölkənin ictimai-siyasi həyatında kifayət qədər təcrübəsi olan və ölkənin təməl problemlərinin həll yollarını bilən ictimai-siyasi fiqurlar tərəfindən insan ləyaqətinin üstün tutulduğu cəmiyyətin qurulması vizyonu, idarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçidin təmin edilməsi missiyası və respublikaçılıq, sekulyarlıq və desentralizasiya (RSD) dəyərləri əsasında müxalif siyasi hərəkat kimi ResPlatforma təsis edilib.


ResPlatforma yarandığı dövrdən Post-Qarabağ Gündəliyi ilə Azərbaycan ictimaiyyətinin qarşısını çıxaraq Azərbaycan siyasi həyatının düçar olduğu ifrat etatizmdən qurtulmağa və müasir desentralizasiyaçı demokratik prinsiplər əsasında ölkənin real və taleyüklü problemlərinin aradan qaldırılmasına dair ideyalar irəli sürür. Post-Qarabağ Gündəliyi təsbit edir ki, artıq Qarabağ problemi həll edilib və Azərbaycan siyasətinin fokus nöqtəsi vahid əldə təmərküzləşmiş yarıtmaz idarəçilik anlayışından xilas olmağa yönəlməlidir. Bu məqsədlə ResPlatforma, ilk növbədə, mütərrəqi vətəndaşlarımızı siyasi iştirakçılığa və əməkdaşlığa dəvət edir.


Yarandığı dövrdən ResPlatforma ölkənin təməl problemlərinə dair konseptual sənədlərlə çıxış edib, ictimai müzakirələrdə fəal iştirak edib və hazırkı repressiya şəraitində hərəkatın institusional bazasını qoruyub saxlamağa çalışıb.


Ölkəni idarə edən Əliyev hökuməti ResPlatformanın fəaliyyətinə mürtəce repressiya ilə cavab verib. 2023-cü ilin dekabrında Qurucu Heyət üzvümüz Araz Əliyev haqsız yerə və siyasi motivlər əsasında 25 sutka inzibati həbs tənbeh tədbirinə məruz qalıb (daha sonra, o, əsassız yerə Bakı Dövlət Universitetindən xaric edilib). 2024-cü ilin mart ayında iqtidarın polis orqanları ResPlatformanın ofisinə reyd keçirib. Həmin reyd nəticəsində ResPlatformanın spikeri və lideri Akif Qurbanov barəsində cinayət işi açılıb və həmin vaxtdan Akif Qurbanov haqsız yerə və siyasi motivlə həbsdə saxlanılır. Keçirilən reyd vaxtı Qurucu Heyət üzvləri Ruslan İzzətli və Araz Əliyev də polis tərəfindən tutulublar və polis tərəfindən pis rəftara məruz qalıblar. Onlar daha sonra azad edilsə, iki gün sonra Ruslan İzzətli eyni cinayət işi çərçivəsində ittiham edilərək haqsız yerə və siyasi motivlə həbs edilib və hazırda həbsdə saxlanılır. ResPlatformanın bir sıra Qurucu Heyət üzvləri həmin cinayət işi çərçivəsində şahid qismində dindiriliblər. Bununla yanaşı, Azərbaycan iqtidarının əlaltı mediası tərəfindən ResPlatformaya qarşı qarayaxma kampaniyası aparılıb. Həmin qarayaxma kampaniyası çərçivəsində ResPlatformanın Post-Qarabağ Gündəliyini “Qarabağ müharibəsindəki nailiyyətlərə qarşı təxribat” kimi təqdim edilib. Bu repressiv və qarayaxma kampaniyası ilə hökumət ölkənin mütərrəqi dəyərlər əsasında dəyişikliyinə dair konseptual siyasi gündəlik təqdim edən yeganə siyasi təşkilatına dözümsüz olduğunu və ölkəni irtica bataqlığında sürükləməyə dair iradəsini bir daha nümayiş etdirib.


ResPlatforma birinci quruluş ildönümündə öz prinsip və dəyərlərinə bağlılığını bir daha təkrarlayaraq Əliyev hökumətinə qarşı prinsipial müxalif mövqeyindən geri çəkilmədiyini və hərəkatın quruluş və konseptual sənədlərinə əsasən fəaliyyətini davam etdirəcəyini bəyan edir.

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın