Menu

Səbət

Səbətiniz boşdur.

Azərbaycanın yeni tarixi mütərəqqi dünyanın idarəçilik forması olan respublikaçılığa nail olmaq uğrunda mübarizədən ibarətdir. Ölkəmizin siyasi tarixində respublikaçılığın həm konseptual, həm də praktik olaraq ən optimal idarəetmə forması hesab edilməsinə dair konsensus mövcuddur.

Respublikaçılıq klassik konsept kimi seçkili demokratiyanın formalaşdırılması, desentralizasiyaya (əks-mərkəzləşmə) əsaslanan özünüidarənin təşviqi və güc balansının qurulması əsasında tiraniyanın qarşısını almağa hesablanıb. Respublikaçı idealın əsas prinsipləri seçkili demokratiya,  özünüidarə və güc tarazlığıdır (hakimiyyət bölgüsü). 

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda da bu mütərəqqi idarəçilik formasına can atmaq təşəbbüsləri mövcud olub. Bu təşəbbüslər iki dəfə qismən də olsa, praktikləşib. Bunlardan birincisi 1918-20-ci illərdə həyata keçirilib və Sovet işğalı ilə başa çatıb. İkincisi isə 1988-ci ildə SSRİ-nin dağılması fonunda başlayıb və Heydər Əliyevin hakimiyyətini konsolidə etməsi ilə başa çatıb. 

Lakin yuxarıda qeyd edilən iki tarixi nümunədə respublikaçılıq yeganə siyasi ideal olmayıb. Hər iki tarixi təcrübədə də Azərbaycan xalqı əvvəl Çar Rusiyasının, daha sonra isə SSRİ-nin işğalına qarşı müstəqillik mübarizəsi aparıb. Müstəqillikdən sonra respublikaçı idarəçilik üsuluna keçid isə ikinci hədəf olub. Bu cəhdlərin nəticəsində Azərbaycan artıq müstəqil bir dövlət kimi mövcudiyyətini qoruyur. Buna baxmayaraq, indiyə qədər olan dövrdə respublikaçılıq uğrunda hər iki təşəbbüs uğursuzluqla nəticələnib. Azərbaycanda hazırda neo-avtoritarizm hökmrandır. 

Artıq üçüncü respublikaçı təşəbbüsün zamanı çatıb. Bu təşəbbüsü əvvəlki iki nümunədən fərqləndirən odur ki, bu dəfə respublikaçı təşəbbüsün müstəqillik qayğısı yoxdur. Artıq Azərbaycan müstəqildir, lakin respublika prinsiplərindən çox uzaqdır. Bu halda respublikaçılıq idealı artıq təməl siyasi hədəfdir. 

Üçüncü respublikaçı təşəbbüs əvvəlki təşəbbüslərdən fərqli olaraq, artıq respublikaçılığın məğzinə, yəni özünüidarəyə və tarazlığa köklənməlidir. 

 

Bu baxımdan siyasi təşəbbüsümüzün adını III Respublika Platforması seçirik və təməl siyasi hədəfimizin iştirakçılığa əsaslanan seçkili demokratiyanın formalaşdırılması, desentralizasiyaya əsaslanan özünüidarə və güc tarazlığına çatmaq olduğunu bildiririk. 

 

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın