Səbətiniz boşdur.
Səbətiniz boşdur.
III Respublika Platforması
11/2024 08 noyabr 2024-cü il
III Respublika Platformasının Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) üzrə Tərəflər Konfransı’nın (COP) Azərbaycan Respublikasının Bakı şəhərində 11-22 noyabr 2024-cü il tarixlərində keçiriləcək 29-cu sessiyasına (COP29) dair Bəyanatı
(qısa sərlövhəsi: ResPlatformanın COP29 Bəyanatı)
III Respublika Platforması:
- Öz Əsasnaməsinin 1-ci bəndinə uyğun olaraq, Platformanın ölkənin təməl problemlərinə dair konseptual mövqeyi olan və bu problemlərin həllini bilən, cəmiyyətin həmin problemlərin həlli prosesində siyasi iştirakçılığını və dəstəyini əldə etmək istəyən şəxslərin siyasi təşəbbüsü olduğunu nəzərə alaraq,
- Öz Əsasnaməsinin 2-ci bəndində istinad edilən Quruluş Bəyanını və həmin Quruluş Bəyanı vasitəsilə irəli sürdüyü Post-Qarabağ Gündəliyinin aparıcı elementlərindən birinin iqlim dəyişikliyinin, ələlxüsus kənd təsərrüfatına vurduğu zərərin mümkün qədər azaldılması olduğunu rəhbər tutaraq,
- Platformanın Azərbaycan Respublikası siyasi səhnəsində yaşıl gündəliyi olan - yəni iqlim dəyişikliyi problemlərinin həllinə dair fəaliyyət planı formalaşdırmağı öz siyasi işinin bünövrələrindən biri elan edən - ilk və yeganə siyasi təşkilat olduğunu bildirərək,
- UNFCCC nəzdində Paris Razılaşmasının Preambulasında Tərəf Dövlətlərin iqlim dəyişikliyinin zərərinin aradan qaldırılması üzrə fəaliyyətində insan hüquqlarına dair müvafiq beynəlxalq hüquqi öhdəliklərinə hörmət etməli, bu öhdəlikləri təşviq etməli və nəzərə almalı olduğunun iqrar edildiyini qeyd edərək,
- Beynəlxalq müqavilələr hüququnda və Müqavilələr Hüququna dair Vyana Konvensiyasının 26-cı maddəsində əks edilmiş pacta sunt servanda və xoşməram prinsiplərinin UNFCCC-yə və onunla əlaqədar razılaşmalara şamil edildiyini və qeyd edilənlərə müvafiq olaraq bu çərçivədə insan hüquqlarına dair beynəlxalq öhdəliklərə riayət edilməsi vəzifəsinin Azərbaycan Respublikasının borcu olmasını xatırladaraq,
- 2023-cü ilin noyabr ayından Azərbaycan Respublikasında insan hüquqlarının vəziyyətinin kəskin pisləşdiyini və Azərbaycan hökuməti tərəfindən müasir Azərbaycan siyasi tarixində siyasi müxalifətə, müstəqil vətəndaş cəmiyyətinə və tənqidçi media qurumlarına qarşı repressiyaların misli görülməmiş şəkildə intensivləşdiyini, ələlxüsus onlarla siyasətçinin, vətəndaş cəmiyyəti fəalının və jurnalistin siyasi motivli cinayət işləri üzrə əsassız ittihamlarla haqsız yerə həbs olduğunu və həbsdə saxlanıldığını, eləcə də bu insan hüquqları pozuntularının beynəlxalq insan hüquqları təşkilatlarının sənədləşdirildiyini ifadə edərək,
- Azərbaycan siyasi səhnəsinin ilk və yeganə yaşıl gündəliyə malik siyasi təşkilatı olan Platformanın spikeri və lideri Akif Qurbanovun və Platformanın Qurucu Heyət üzvü Ruslan İzzətlinin yuxarıda qeyd edilən siyasi motivli cinayət işləri üzrə 2024-cü ilin mart ayından etibarən haqsız yerə həbsdə saxlanıldığını vurğulayaraq:
COP29 iştirakçısı dövlətlər və onların səlahiyyətli nümayəndələrinə və mandatlarına müvafiq olaraq COP29 iştirakçısı beynəlxalq qeyri-hökumət təşkilatları və onların səlahiyyətli nümayəndələrinə aşağıdakı praktik tələblərə dair çağırış edərək BƏYAN EDİR:
1. COP29 iştirakçıları iqlim siyasəti ilə insan hüquqlarının ayrılmaz beynəlxalq hüquq öhdəlikləri olduğu çərçivəsini real və praktik mənada qəbul etməli və müvafiq olaraq COP29 çərçivəsində addımlarını bu çərçivədə həyata keçirməlidir;
2. COP29 iştirakçıları Azərbaycanda 2023-cü ilin noyabrından intensivləşən repressiyaları və insan hüquqları vəziyyətinin pisləşməsini birmənalı və ictimai formada qınayaraq Azərbaycan hökumətindən bu repressiyaların dayandırılmasını və insan hüquqlarının vəziyyətinin pisləşməsinin nəticələrinin aradan qaldırılmasını qəti şəkildə tələb etməlidir;
3. COP29 iştirakçıları müvafiq ictimai bəyanatlarında və çıxışlarında repressiya qurbanlarının, o cümlədən Akif Qurbanovun və Ruslan İzzətlinin adlarını çəkərək onların dərhal və qeyd-şərtsiz azad edilməsinə və hüquqlarının tam bərpasına dair çağırış etməlidir;
4. COP29 iştirakçıları haqsız yerə həbs edilən repressiya qurbanlarını, o cümlədən Akif Qurbanov və Ruslan İzzətlini həbs yerlərində ziyarət etməlidir;
5. СOP29 iştirakçıları Konfransın başa çatmasından sonra növbəti birillik izləmə dövründə yuxarıda qeyd edilən məsələləri qaldırmağa davam etməlidir.