Your cart is empty.
Your cart is empty.
III Respublika Platformasının Dirçəliş Günü ilə əlaqədar Bəyanatına dair
Press-reliz:
III Respublika Platforması (ResPlatforma) Dirçəliş Günü ilə əlaqədar Bəyanat (12/2024, 17.11.2024) yaydı.
Bəyanatda Azərbaycan millətinin Dirçəliş Günü təbrik edilir. Həmçinin Bəyanatda 17 noyabr prosesinin Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyinin təmin edilməsi tələbi ilə başlayan mitinqlərin müstəqillik hərəkatının başlanğıcı olması və 17 noyabr prosesinin müstəqilliyin əldə edilərək II Respublikanın qurulması ilə nəticələndiyi qeyd edilir. Bu minvalla ResPlatforma müstəqillik və Qarabağ davası uğrunda fədakarlıq göstərən vətəndaşlarımızı, o cümlədən şəhid və qazilərimizi dərin minnətdarlıq hissi ilə yad edir.
ResPlatforma ölkənin müstəqillik və Qarabağ problemlərinin həll edilməsinə baxmayaraq, təməl məsələlərinin həll edilməmiş qaldığını, eləcə də Qarabağ mövzusunun siyasi manipulyasiya aləti kimi sui-istifadəsinin dayandırılmasının vacibliyini vurğulayaraq və Platformanın Quruluş Bəyanı vasitəsilə irəli sürdüyü Post-Qarabağ Gündəliyinin Azərbaycan siyasətinin fokus nöqtəsinə çevrilməsinin vacibliyini xatırladaraq, mütərəqqi vətəndaşları iştirakçılıq prinsipləri əsasında birgə əməkdaşlığa çağırır.
III Respublika Platformasının Dirçəliş Günü Bəyanatı bu press-relizə əlavə edilir.
ResPlatforma 07 dekabr 2023-cü ildə desentralizasiyaçı demokratiya və hüququn aliliyi ideyaları ətrafında birləşən siyasətçilər tərəfindən təsis edilmiş və iştirakçılığı təşviq etməyi hədəf götürən siyasi hərəkatdır.
Vacib qeyd: III Respublika Platformasının abbreviaturası kimi “ResPlatforma” qısaltmasından istifadə edilməsini xahiş edirik.
Bəyanatla əlaqədar daha ətraflı məlumat üçün:
Elman Fəttah, Qurucu Heyət üzvü
email: info@resplatform.org
III Respublika Platforması
12/2024 17 noyabr 2024-cü il
III Respublika Platformasının Dirçəliş Günü ilə əlaqədar Bəyanatı
III Respublika Platforması (ResPlatforma):
- 17 noyabr 1988-ci ildə Dağlıq Qarabağ üzərində suverenliyin təmin edilməsi tələbi ilə başlayan ardıcıl mitinqlərin Azərbaycanın müstəqillik hərəkatının başlanğıcı olduğunu və 17 noyabr prosesinin Azərbaycan Respublikasının müstəqillik əldə edərək II Respublikanın qurulması ilə nəticələndiyini qeyd edərək,
- 17 noyabr təqvim gününün 1992-ci ildə qismən demokratik üsullarla legitimlik əldə etmiş Azərbaycan Respublikası Milli Məclisi tərəfindən rəsmi bayram elan edildiyini bildirərək
(Azərbaycan Respublikasının bayramları haqqında AR Qanunu, 27 oktyabr 1992-ci il, № 354),
- Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyinin bərpa olunması uğrunda 17 noyabr prosesi ilə başlayan mübarizənin uzun illər ərzində davam etdiyini, bu uğurda millətin minlərlə fərdinin şəhid və qazi olduğunu xatırladaraq,
- Geniş kütlələrin iştirakı sayəsində 17 noyabr prosesinin müstəqilliyin əldə edilməsi kimi müsbət nəticələri ilə yanaşı, Sovet dövrü totalitarizminin yaratdığı siyasi ətalət dövründən sonra Azərbaycan millətinin ilkin siyasi təcrübəsi kimi uğursuz tərəflərindən dərs çıxarılmasının vacibliyini təkrarlayaraq,
- ResPlatformanın Əsasnaməsinin 1-ci bəndinə uyğun olaraq Platformanın ölkənin təməl problemlərinə dair konseptual mövqeyi olan və bu problemlərin həllini bilən, cəmiyyətin həmin problemlərin həlli prosesində siyasi iştirakçılığını və dəstəyini əldə etmək istəyən şəxslərin siyasi təşəbbüsü olduğunu nəzərə alaraq,
- ResPlatformanın Əsasnaməsinin 2-ci bəndinə müvafiq olaraq Quruluş Bəyanında ifadə etdiyi Post-Qarabağ Gündəliyinin Qarabağ davasının başa çatması ilə Azərbaycan siyasi gündəliyinin təməl fokus nöqtəsinə çevrildiyini və Qarabağ davası ilə əlaqədar siyasi manipulyasiyalara yol verilməsi hallarının dayandırılmalı olduğunu vurğulayaraq
Azərbaycan Respublikası vətəndaşlarına aşağıdakıları bəyan edir:
1. ResPlatforma olaraq Azərbaycan millətinin Dirçəliş Gününü təbrik edirik.
2. ResPlatforma olaraq Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış, bu uğurda canlarından və rahatlığından keçmiş vətən övladlarını dərin minnətdarlıq hissi ilə yad edirik.
3. ResPlatforma olaraq 30 ildən uzun müddət boyunca Qarabağ davası uğrunda şəhid və qazi olmuş həmvətənlərimizi dərin minnətdarlıq hissi ilə yad edirik.
4. ResPlatforma olaraq Quruluş Bəyanımızda ifadə etdiyimiz Post-Qarabağ Gündəliyinin Azərbaycan siyasətinin təməl fokus nöqtəsinə çevrilməsi naminə mütərəqqi vətəndaşlarımızı iştirakçılıq prinsipləri əsasında birgə əməkdaşlığa çağırırıq.