Menu

Səbət

Səbətiniz boşdur.

"III Respublika Platforması" namizəd irəli sürmür və prezident seçkilərində hakimiyyətin namizədlərinin əleyhinə səs verməyə çağırır

Bakı/26.12.23/Turan: "III Respublika Platforması" 7 fevral növbədənkənar prezident seçkilərində namizəd irəli sürməyəcək və bu seçkilərdə heç bir namizədi dəstəkləməyəcək. Bu barədə qurumun seçkilərlə bağlı mövqeyini ifadə etdiyi bəyanatında deyilir.

Sənəddə qeyd edilir ki, yeni təsis edilmiş Platforma hazırda təqdimat mərhələsindədir, ictimaiyyətə öz quruluş məqsədlərini və kimliyini çatdırmaqla məşğuldur. Hazırda seçki kampaniyası aparmaq üçün zəruri kadr potensialına və maliyyə resurslarına malik deyil.

Bununla əlaqədar olaraq platforma "seçkilərdə formal iştirakı" mənasız hesab edir.

Bununla yanaşı, Platforma qeyd edir ki, artıq namizədliyi irəli sürülmüş şəxslər arasında onun dəyərlərini təmsil edə biləcək və siyasi dəyişiklikləri təşviq edə biləcək namizəd görmür.

"Buna görə biz onları dəstəkləmirik", deyə bəyanatda bildirilir.

Bəyanat müəllifləri həmçinin cəmiyyətdə seçkilərə etimad olmadığını qeyd edir. "Bunun səbəbi hakimiyyətin insanların siyasi proseslərə inamının sarsıdılmasına yönəlmiş uzunmüddətli işidir. Bu, seçkilərin ardıcıl olaraq saxtalaşdırılması və siyasətçi peşəsinə etimadsızlığın formalaşdırılması vasitəsilə həyata keçirilib. Bu səbəbdən hazırda ölkədə siyasi durğunluq vəziyyəti mövcuddur", deyə bəyanatda qeyd edilir.

Platforma üzvləri iki ay ərzində bu durğunluğu aradan qaldırmağın və insanları seçkilərdə iştiraka təşviq etməyin mümkün olduğuna şübhə edir.

Mövcud seçki, sərbəst toplaşmaq, birləşmək, media, siyasi partiyalar və sair əlaqəli qanunvericilik də bu şəraitdə seçkidə iştirak qabiliyyətini aşağı salır. Seçki Məcəlləsi imza toplama kampaniyasını kustar üsullarla aparmaqdan başqa yol buraxmır (elektron formada imzatoplama mümkünlüyünün olmaması nəzərdə tutulur).

Bununla belə, seçki prosesinə qoşulmaq və seçki təbliğatında olan problemlərlə göstərilənlərlə yanaşı, Platformamız seçki ilə əlaqədar bütün addımları tamamilə rədd etmir.

" Səsvermədə iştirak vətəndaşlarımızın seçki vərdişinin qorunub saxlanılması üçün mühümdür. Səbəbi nə olursa olsun seçki ənənələri itməməlidir və gələcəkdə münbit şərait üçün qorunub saxlanılmalıdır", deyə sənəddə bildirilir.

Platforma üzvləri vətəndaşları səsvermədə iştirak etməyə, lakin hakimiyyətin heç bir namizədinin xeyrinə səs verməməyə çağırırlar.

Platforma özü seçki dövründə "passiv" dayanmayacaq və öz alternativ gündəliyini həm seçki dövrü və həm də seçkidən sonra aktiv təşviq edəcək.

İctimai-siyasi fəallardan ibarət bir qrup dekabrın 7-də "Platforma"nın yaradıldığını elan edib. Qurumun məqsədi Azərbaycanda əsl respublika quruculuğunu bərqərar etməkdir.

Platformanın qurucu heyətinə siyasi və ictimai fəallar - Akif Qurbanov, Araz Əliyev, Elman Fəttah, Rövşən Ağayev, Ruslan İzzətli, Səməd Rəhimli və Yadigar Sadiqli daxildir.

Akif Qurbanov 1 il müddətinə qurucu heyətin rəhbəri seçilib. 06С


Mənbə: Turan agentliyi

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın